Süni yağış yaratmaq üçün əməliyyata başladılar

suni-yagis-yaratmaq-ucun-emeliyyata-basladilar
Oxunma sayı: 3455

Son 50 ilin ən quraq payızını yaşayan İran süni yağış yaratmaq üçün bulud səpmə prosesinə başlayıb.

“Qafqazinfo” IRNA agentliyinə istinadən xəbər verir ki, bu proses üzrə ilk əməliyyat quraqlıq səbəbindən əhəmiyyətli dərəcədə dayazlaşan və duz səhrasına çevrilən Urmiya gölü bölgəsində aparılıb.

Bildirilib ki, Urmiya gölündə suyun səviyyəsinin artırılması işləri digər əyalətlərdə də davam etdiriləcək. Növbəti əməliyyatların Şərqi və Qərbi Azərbaycan ostanlarında həyata keçirilməsi planlaşdırılır.

Bulud səpmə əməliyyatı buludlara “toxumların” - gümüş və ya kalium yodid kimi kimyəvi duzların vurulmasını nəzərdə tutur. Bu maddələr su buxarının kondensasiyasına və yağıntıların əmələ gəlməsinə kömək edir.

Xatırladaq ki, bir neçə gün əvvəl İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua ediblər. Noyabrın 15-də keçirilən dua mərasimi şəhərin İmamzadə Saleh məbəd kompleksində baş tutub. 

Daha əvvəl isə İranın Meteorologiya Xidməti ölkə üzrə yağışların çoxillik orta göstəriciyə nisbətən 89% azaldığını açıqlamışdı.