Suraxanıda Gülarə Əliyevanın xatirə gecəsi keçirildi - Fotolar

suraxanida-gulare-eliyevanin-xatire-gecesi-kecirildi
Oxunma sayı: 1945

Musiqi tariximizdə zəngin irs qoyan əməkdar incəsənət xadimi, pianoçu Gülarə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə onun adını daşıyan Suraxanı rayon 3 nömrəli Uşaq İncəsənət Məktəbində xatirə gecəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun, pianoçu Gülarə xanım Əliyevanın qızı əməkdar mədəniyyət işçisi Ayəndə Əliyevanın, eləcə də tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə qərb və şərq musiqi alətlərinin vəhdətini yaradan, muğamlar əsasında “Şüştər” rapsodiyası, “Hümayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifi olan, könüllərin dan ulduzu, pianoçu Gülarə Əliyevanın ömür yolu, fəaliyyəti haqqında məlumat verilib.

Tədbirə toplaşan incəsənət xadimlərindən - respublikanın əməkdar artistləri Aybəniz Haşımova, Firuzə İbadova, Ruhəngiz Musəvi, Abbas Zeynalov, "Dan Ulduzu" instrumental ansamblının bədii rəhbəri Tarıyel Abbasov, Müdafiə Nazirliyinin orkestr şöbəsinin dirijoru general-mayor Yusif Axundzadə və əməkdar mədəniyyət işçisi Gülarə Əliyevanın qızı Ayəndə Əliyeva sənətkarla bağlı xatirələrini bölüşüblər.

“Dan Ulduzu” instrumental ansamblında çalışan respublikanın əməkdar artistləri Aybəniz Haşımova, Firuzə İbadova, Rühəngiz Musəvinin təqdimatında məktəbin “dan ulduzu” ansamblı tərəfindən Gülarə Əliyevanın repertuarından ölməz əsərlər səsləndirilib.

Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar özündən sonra qoyduğu izlə adını xalqın qəlbinə əbədi yazmağı bacaran ölməz incəsənət xadiminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Gülarə Əliyevanın o zamanlar rəhbərlik etdiyi “Dan ulduzu” ansamblının ifaları hələ də zəngin repertuarı ilə seçilir və sevilir.

Sonda 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova qonaqlara təşəkkürünü bildirib.