“Tanınmış qadınlarla görüşsəm də, mənə xoş deyildi”- - Aqil M. Quliyev

taninmis-qadinlarla-gorussem-de-mene-xos-deyildi-
Oxunma sayı: 4503


Klipmeyker Aqil M. Quliyevin “Qafqazinfo”ya müsahibəsi:

- Aqil bəy, yaradıcılığınızda hansı yeniliklər var?

- “Şaman” filmi artıq montaj edilir. Filmi istədiyim kimi çəkdim. Gələn il təqdim edəcəm.  Baş rolda Amaliya Pənahova və Rus Dram Teatrının aktyoru Yuri Balıyev çəkilib.  Anar  Məmmədxanovun “Kubinka” layihəsi üzərində işləyirəm. Reklam çəkirəm, səsləndirirəm. Üç ildir klip çəkmirəm. Hər müğənni bir yerdə çəkdirir. Amma bunlar Aqilin, Fuadın, Ülviyyə Könülün üstündən xətt çəkdirmir. 

- Müsahibələrininizn birində bildirmisiniz ki, həbsxanada olanda yaxın qohumlarım ilə yanaşı sənət dostlarım da məndən üz döndərdi. İndi münasibətləriniz necədir?

- Həbsxanada olarkən  özümlə yanaşı ətrafımdakıları da tanıdım.  İnsan özü ilə tək qalanda ətraflı düşünür. Daha sonra yaşadıqlarımı yazmışam. Düşünürəm ki, mən həbsxanada olmağı şüuraltı istəyirdim.  İnsan nəyi isə istəyəndə onu cəlb edir.  Həbsxanadan azadlıq çox fərqli görünür. Dostları, düşmənləri tanıyırsan. Şou-biznesdə çoxlarına kömək etmişəm, pulsuz kliplər çəkmişəm. Ancaq onlar mənim torbamı tikiblər.  Həyat çox ədalətsizdir. İnsanları daha yaxşı tanıdım, mənim həbs olunmağım çoxlarını sevindirdi.

- Hazırda şou biznes nümayəndələri daha çox qalmaqalla gündəmə gəlir. Buna münasibətiniz necədir?

- İndi heç kim səviyyəli işlə gündəmə gəlmək istəmir. Saçyoldu, qalmaqal daha yaxşı variantdır. Bunlar pulsuz reklamdır. Bu yolu qoyub kim klip çəkdirərki?   Kinoda, teatrda  pul yoxdur.  Şou-biznes nümayəndələrinin yaşadığı həyatı aktyor aktrisalar yaşaya bilmir. 

- Müğənnilər sənətlə məşğul olmaqdansa, daha  çox toylara üz tutur. Bunun səbəbi nədir?

- Hər zaman peşəkar rejissor olmaq istəyirdim. Puldan çox işimi düşünmüşəm. İndi isə belə deyil. Artıq düşünürəm ki, toylara gedib şeir deyim. Çünki pul toylardadır. Toy artıq bir biznesdir. Televiziyada, radioda da veriliş aparmaq istəyirəm. 

Şou-biznes adamlarını televiziyalar dolayır. Qonağı haqda məlumatı olmayan adam ancaq müğənnini oxudur. Ulduzu oxutmaq şərt deyil. 

-  Şəxsi həyatınızı yenidən qurmağı bacarmısınızmı?

- Real həyatda hər kəs şəxsi həyatını gizlədir. Şou-biznesdə isə fərqlidir.  Şəxsi həyatımı gündəmə gətirməyi sevmirəm.  Əvvəllər tanınmış qadınlarla görüşürdüm. Bu, mənə xoş olmayıb. İki sənətçinin birlikdə olmağı alınmır. Populyar, çox tanışı olan qadınla münasibətdə olmaq çətindir. Sənət adamı azad olmalıdır, qısqanmağı, sevməyi özümə qadağan etmişəm.  Bunlar vaxt itkisidir. Əsas peşədir, qalan şeylər gəldi gedərdi.

- Yəni bir daha ailə qurmayacaqsınız?

- Mənim üçün ailə mütləq deyil. Bu, insanın şəxsi seçimidir. Hələ ki, belə planım yoxdur. Mən yalnızlığa öyrəşmişəm. Uzun müddətdir tək yaşayıram. Ailəsi olanlar var, öləndə nə həyat yoldaşı, nə uşaqlar yaxın gəlmir. Övladı dünyaya gətirirlər ki, qocalanda onlara baxsın. Ailə münasibətləri də artıq biznesə çevrilib. Ona görə də, tək yaşamağı üstün tuturam.

- Şansınız olsaydı, həyatınızdan hansı anları silərdiniz?

- Narkotikdən  iki-üç il istifadə etdim. Normal insan düşünər ki, bunu etməzdim. Mən o dövrdə gördüyüm, hiss etdiklərim məni formalaşdırdı.  Qadınlarla belə səhvlər etməsəydim, türməyə düşməyəcəkdim. Özüm-özümlə 30 gün danışmayacaqdım. 38 yaşımda bildirm ki, xəyallarda yaşayırmışam, yanıma gələnlərin gözündəki sevinci, kədəri gördüm. Artıq insanlar məsafə saxlayıram.

- Xeyli kilo almısınız. Bu sizi narahat etmir?

- Bu kilolar məni narahat etmir. Hər şey yaxşıdır. 15 kilo kökəlmişəm. Artıq idmanla məşğul oluram, pəhriz saxlayıram. Əsas mənim işimdir. Kök və ya arıq olmağım problem deyil. 

Könül