Tbilisidə Xocalı şəhidləri anılıb

tbiliside-xocali-sehidleri-anilib
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva Xocalı soyqırımının dünya tarixində ən böyük faciələrdən olduğunu qeyd etdi. Onun sözlərinə görə, soyqırım zamanı yüzlərlə Azərbaycan vətəndaşı öldürülmüş, itkin düşmüşdür. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yüz minlərlə qaçqının ağır şəraitindən danışan Leyla Əliyeva bu istiqamətdə həqiqətlərin ortaya çıxarılmasında Gürcüstandakı soydaşlarımızın, QHT rəhbərlərinin aktiv olmasını, beynəlxalq ictimaiyyətə müraciət göndərmələrini vacib hesab etdi.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi axund Əli Əliyev Azərbaycan xalqının başına gətirilən bəlalardan, soyqırımlardan danışaraq düşmənə qarşı birgə mübarizənin aparılmasının vacib olduğunu qeyd etdi.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirdi ki, Xocalı soyqırımının hər ildönümü daha mütəşəkkil qaydada qeyd olunmalı və Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı aktiv insanlar, QHT-lər bu prosesə cəlb olunmalıdırlar. Onun sözlərinə görə, insanların təşkilatlanması prosesi ağır gedir. “Ermənistan qondarma “erməni soyqırımı” deyərək bütün dünyanın diqqətini özünə cəlb edir, halbuki ortada heç də soyqırımdan söhbət getmir. Azərbaycan xalqı isə gerçək soyqırıma məruz qoyulub və bunu bütün dünyaya sübut etmək lazımdır”, - deyə o bildirdi.

Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın Gürcüstan nümayəndəsi Şövqü Mehdizadə Azər Süleymanovun fikirlərini dəstəkləyərək insanların Xocalı soyqırımını bütün dünyaya çatdırılması istiqamətində daha mütəşəkkil olmasını vacib hesab etdi. Onun sözlərinə görə, bu prosesdə Azərbaycan və Gürcüstan xalqlarının maraqları üst-üstə düşür.

“Gürcüstan” qəzetinin nümayəndəsi Dursun Eyvazov da deyilən fikirlərə qoşularaq Xocalı soyqırımının bəşərriyyətə qarşı cinayət olduğunu dilə gətirdi.