Tehran və Moskva Maduro ilə bağlı bəyanat yaydı

tehran-ve-moskva-maduro-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 6876

ABŞ ordusunun Venesuelaya hərbi müdaxiləsi və ölkə lideri Nikolas Maduronun ələ keçirilməsi beynəlxalq müstəvidə kəskin diplomatik gərginliyə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İran və Rusiya rəsmi Vaşinqtonun bu addımını pisləyən bəyanatlarla çıxış ediblər.

Belə ki, İran Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı hərbi hücumunu suveren dövlətin ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Tehranın rəsmi bəyanatında bu əməliyyatın beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb. İran tərəfi beynəlxalq birliyi, xüsusən də BMT Təhlükəsizlik Şurasını bu təcavüz aktını dərhal dayandırmaq üçün məsuliyyət daşımağa çağırıb və Karakasın özünümüdafiə etmək hüququnu dəstəklədiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də baş verənlərə reaksiya verərək, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin həbsi ilə bağlı yayılan xəbərlərdən ciddi narahatlıq keçirdiyini bəyan edib. Moskva ABŞ-ni hadisənin təfərrüatlarını və Maduronun hazırkı vəziyyətini dərhal aydınlaşdırmağa çağırıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusu paytaxt Karakas da daxil olmaqla Venesuelanın 11 strateji hədəfinə zərbələr endirib. Prezident Donald Tramp Nikolas Maduronun ələ keçirildiyini və onun ABŞ-da mühakimə olunacağını bəyan edib.