Fevralın 5-i ADA Universitetində “University Demo Day” tədbiri keçirilib. Tədbir SABAH.academy və Baku ID tədbirlər silsiləsinə aid olaraq beşinci dəfə baş tutub.
Tədbirin əsas məqsədi universitet tələbələrinə öz ideyalarını geniş auditoriyaya təqdim etmək imkanı yaratmaq, eyni zamanda onların təşkilati, liderlik və təqdimat bacarıqlarının inkişafına töhfə verməkdir.
Cari ildə tədbirdə 6 universitetdən olan 12 fərqli komanda iştirak edib. İştirakçı universitetlər arasında ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – SABAH qrupları daxil olmaqla, və Bakı Ali Neft Məktəbi (BANM) təmsil olunub.
“University Demo Day” tədbiri zamanı tələbələr komandalar şəklində səhnəyə çıxaraq startap ideyalarını təqdim ediblər. Tədbir zamanı iştirakçılara ideyalarını təqdim etmək, münsiflərdən rəy almaq və investisiya əldə etmək imkanı yaradılıb.
Təqdimatlardan sonra tədbir iştirakçıları xüsusi ayrılmış zonada təşkil olunmuş “Startup Fair” çərçivəsində maraq göstərdikləri startaplarla daha yaxından tanış olmaq imkanı əldə ediblər. Daha sonra qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib.
- 1-ci yer ADA Universitetini təmsil edən “ResearchEx” komandası tərəfindən tutulub. Komandanın üzvləri mükafat olaraq ABB Tech Academy-nin dəstəyi ilə istədikləri kurslar üzrə 100% təqaüd əldə edib.
- 2-ci yer Bakı Ali Neft Məktəbini təmsil edən “MagentAI” komandası tərəfindən tutulub. Komandanın üzvləri mükafat olaraq ABB Tech Academy-nin dəstəyi ilə istədikləri kurslar üzrə 60% təqaüd əldə edib.
-3-cü yer Azərbaycan Texniki Universitetini təmsil edən “FocsMode” komandası tərəfindən tutulub. Komandanın üzvləri mükafat olaraq ABB Tech Academy-nin dəstəyi ilə istədikləri kurslar üzrə 40% təqaüd əldə edib.
Qaliblər münsiflər tərəfindən ideyanın innovativliyi, mövcud bazar tələblərinə uyğunluğu və təqdimatın keyfiyyəti kimi meyarlar əsasında müəyyən edib.
Əlavə olaraq tədbir zamanı SABAH.lab inkubasiya proqramına Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən "Evalu," Bakı Ali Neft Məktəbini təmsil edən "Climasel" və ADA Universitetini təmsil edən "PayZone" komandaları seçilib.
Son dörd il ərzində "University Demo Day" biznes və sahibkarlıq sahəsində inkişaf etmək istəyən tələbələr üçün mühüm görüş platformasına çevrilib. Tədbir iştirakçılara potensial investorlarla əlaqə qurmaq və startap ekosisteminə inteqrasiya istiqamətində ilk addımlarını atmaq imkanı yaradır.
SABAH.academy – təhsil platformasının inkişafına və Azərbaycanın qlobal bazarda dayanıqlılığının gücləndirilməsinə yönəlmiş proqramdır. Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SABAH.HUB çətiri altında yaradılıb və beynəlxalq biznes məktəbi olan IE Business School ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Baku ID – SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplar və investisiyalara həsr edilmiş Azərbaycanın əsas innovasiya tədbirlərindən biridir.
Platformanın fəaliyyəti və yeniliklər barədə daha ətraflı məlumatı SABAH.HUB saytından əldə etmək mümkündür.





Son xəbərlər
Son Xəbərlər