“Tora saldığın qızlar, dönüb hörümçək olub”

tora-saldigin-qizlar-donub-horumcek-olub
Oxunma sayı: 841



Bu otaq

bu otağın divarı
gözlərindən nəm çəkib
sən siqaret çəkəndə
sənə baxıb qəm çəkib

otağını toz basıb
güldanında gül solub
tora saldığın qızlar
dönüb hörümçək olub

belə getsə bu tənha
otaq udacaq səni
qadın qucağı boyda
yataq udacaq səni

paltarların çirklənib
kitabların saralıb
bir otağa sığırsan-
dünyan necə daralıb?!

bu otaq-doğum evin
bu otaq-qəbir yerin
nə zamansa öləcək
yaxşı şairin biri...

27. 09. 12



***

səni uzaqlarda düşünmək istəyirəm
yaxında maraqsız olursan
məsafələr yaxın edir bizi
yad insanlar həmyerli
yad ölkələr doğma olur...
səni uzaqda düşünmək istəyirəm
uzaqda
daha gözəl darıxıram səninçün
daha yaxşı arzulayıram əllərini
nəfəsini
uzaqlarda olanda ümid olursan
xəyal olursan
arzu olursan
bir baxışa tamarzı olursan
elə sevirsən ki
ölümünə!!!
uzaqda sevmək istəyirəm
səni
yaxından xatırlamaq üçün...



Sonbahar şeiri


Düşünmə ki
səni düşünürəm
səndən daha böyük problemlərim
var mənim
qarşımda ağ vörd açılıb
alnını yazmalıyam
yeni bir şeirin
arada baxışlarım bayıra zillənir
təbiətin yarpaq tökümü başlayıb
ağaclar bir azdan soyunacaq
ağaclar soyunmağı
insanlardan öyrənib
insanlarsa...
bir baltaya sap olmağı
bir insanın ürəyində ocaq çatmağı
ağaclardan öyrənib
mənim səndən başqa da
problemlərim var
bax
üzbəüz binanın eyvanından asılan paltarlar
imkan vermir
sonbahara tamaşa edim
külək də şorgöz olub bu aralar
mənim səndən başqa da dərdim var
günəş yatmağa hazırlaşır
ay keşik çəkəcək ona
günəşə əlim çatsaydı
bir həb fenazepamla yuxusunu bir az da
uzadardım
ağ vördə gecə rəngli
bəxt yazardım
məndən incik getməzdi
səndən başqa da problemlərim var mənim
gözlərim ağrıyır
güzgünün gözlərinə baxanda
yorulmuşuq bir-birimizə baxmaqdan
qaşlarımın beli bükülür
zəhmimdən
təbəssümün qanadları qırılır
üzümə qonanda
səndən başqa
o qədər dərd-sərim var ki...
quşlar tərk edir yuvalarını
qoşul onlara get
mənim fəsilim başlayıb
yorulanda külək aparacaq səni
xəzana qarışıb üşüməyəcəksən
baharda yenə qayıdarsan
başqa bir ürəyə...
bu qədər dərdin içində
hələ bir şeir yazmağa da vaxt tapıram...

25. 09.12



Etiraf

Başımdan nə qovğalar gəldi keçdi,
dostum,
ağlımdansa həmişə sən keçdin...
sən keçəcəksən
şeirlərin tozunu silib
səni axtarıram
ürəyimin qaysağını qoparıram
səni görmək üçün
nə gizlədim
etirafım da özüm kimi gecikib:
səni sevirəm



Lirik qəhrəman

Xəyallarını
arzularını kəpənək qanadlarında
mənə göndərirsən
şeir yazmaqla məşğulsan
bilirəm
məni sevmək kimi
bir işin var sənin
saçlarımın rəngi dəyişir
şeir yazmaq havanı
gün batanda
ay doğanda
gözlərim işıq saçır yollarına
nəfəsim toxunur
yazdığın misralara
məni köçürürsən ağ kağıza
səndən sonra mən qalacam
səni yaşadacam vərəqlərdə
e-kitablarda
lirik qəhrəmanın olmaq çox gözəldir...


***

Belə olur sevmək-
ürəyin
onda qalır
baxışların pəncərədə
sən də özündə olmursan heç
belə olur sevgi...
sevgidən ya uşaq qalır
ya da xatirə...


Azad qadın

Bir az qorxu olsun gözlərində
təbəssümə de,
üzündən uzaq dursun
əllərin öyrəşsin
tez-tez kədərli gözlərinin
yaşını silməyə
ağır ol
fağır ol
evin küncündə süpürgəyə
dönməyi öyrən
azadlıq dediyini
özün süpürməlisən
həyatından
anam
bacım
unutma
bizdə azad qadın ya heykəl olur,
ya da fahişə...