Tosu Zəngilanlını niyə sevirik?

tosu-zengilanlini-niye-sevirik
Oxunma sayı: 16090

Bakıya filmə baxırmış kimi baxmaq olar – hərçənd deyirlər, film həyatın preslənmiş halıdır – bizim şəhərin normal əhvalı o qədər sıxıntılıdır ki, elə preslənmiş kimi var. Dramatika, absurd, sevgi, sürrealizm, tragediya, komediya...

Göz yaşlarına inanan Bakı...

Xalqımızın rəngli geyinməkdən qorxan nümayəndələrinin getdiyi parklar var ki, həmin parkların daimi qurğularından biri boks monitorlarıdır. Adını da bilmirəm, hansı ki, xalqımın ağsaqqalından tutmuş burnıfırtıqlısınacan o monitora yaxınlaşır, boks kisəsinə var gücü ilə yumruq ilişdirib monitora diqqət kəsilir.

Monitordakı zoğalı rəqəmlər artır, artır, sonda dayanır. Mən əminəm ki, bu qurğulara dəyən zərbələr, lazımı instansiyaya ünvanlandırıla bilməyən cavabın, aqressiyanın, nifrətin qurban keçisidir. Həmin parklara qayıdacağam...

Son vaxtlar sosial şəbəkələrdə məşhurluğu gündən-günə artan bir adam var – Tosu Zəngilanlı.

Onun heç bir xüsusi qabiliyyəti və istedadı yoxdur, ancaq hər gün bir az da artıq məşhurlaşır. Yutubda “mahnısı” milyondan çox izlənilibmiş, sonra nədənsə silinib. Eyni zamanda həmin “mahnı” mp3 kimi quql üzərindən ən çox endirilən 10 Azərbaycan mahnısı arasında olub. 

Ötən gün isə eşitdim ki, artıq Tosu Zəngilanski ödənişlə məclislərə gedir. Hətta nömrəsini də özü deyil, prodüseri açır. Onunla şəxsən telefonda danışmaq istəyənlər 20 AZN, 1 saatlıq məclisə dəvət etmək istəyənlər 50 AZN ödəməlidir.

Sual oluna bilər: Heç bir istedadı olmayan, gündəm üçün xüsusi bir şey etməyən Tosu niyə məşhurlaşır?

Üstəlik də o, anadangəlmə fiziki məhdudiyyətlidir. Təlxəyə gülmək ənənəsi çoxdan var, ancaq unutmayaq ki, Əbülfət (Tosu Zəngilanlı) təlxək deyil, fiziki məhdudiyyətlidir və o videolarda insanları güldürmək üçün bilərəkdən heç nə etmir, sadəcə insanlar onun qüsuruna gülə bilir. Qüsura gülmək, məhdudiyyəti önə çəkib üz naqisliklərinə şükür etmək azarı isə zəlalətdir. 

Bizim Tosu Zəngilanlı düyünümüzün kökündə məhz bu məqam durur: İnsanların yüksək instansiyalardan yığdığı aqressiyanı zəncirin özündən sonrakı halqasına boşaltmaq. 

Müdirdən haqsız danlaq görən kişi bu haqsızlığa yerində reaksiya verə bilmir, buna bəzən cəsarəti çatmır, bəzən də işindən, gələcəyindən qorxur. Evə gəlib əsəbini arvadına, əzizlərinə tökür. Təbii, arvad da həmin nifrini bir gecə kökündə bəsləyib, hallandırıb-ballandırıb sabah səhər bumeranq kimi kişinin özünə qaytarır. 

Yurdumun növbəti halqa axtarışında olan kişiləri üçün bir Tosu Zəngilanlı obrazı lazımdır ki, ona baxıb gülsün və naqis şüuraltında özünə şükür etsin.

Tosu Zəngilanlı zəif adamların, qüsurluya gülə bilənlərin gözündə cəmiyyətin son halqası olduğundan həmin kəslər onu monitorlarda görməkdən narahat olmurlar. Özlərini bir zad bilən, eqodan cırılan həmin şəxslər ölkədə, cəmiyyətdə onlara qarşı itaət edənlərin yox, onlara hökm edənlərin çox olduğunu görüncə öz dünyalarını qurmaq istəyir və bu dünyanın ən xoş məclislərində Tosu Zəngilanlıya da yer verərək onun fonunda xal qazanmaq, daha böyük adam kimi görünmək istəyirlər. Əks halda, insan niyə məhdudiyyətli biri ilə məzələnərək onu məşhur etsin və sonunda onu məclisinə çağırıb kollektiv məzə oyunu qursun?!

Az-maz göyçək qadın çox kifiri ilə, toppuş qadın daha kökü ilə foto çəkdirib öz çatışmazlıqlarını ört-basdır etmək, kifir qadının fonunda gözəl görünmək istədiyi kimi, Tosuya gülənlər də onun fonunda özlərinin nə qədər sağlam kişi olduğuna şükür etmiş olurlar.

İnsan gərək köksündəki cəsarətə xilaf çıxmasın. Qarnına qorxu dolduran adamlar ən xırda qısnamada belə kölə rəzilliyi yaşayır, insanlıqdan uzaqlaşır. O insanlar ki, ünvanından asılı olmayaraq haqsızlığa qarşı sözünü demir, zərbəsini düzgün hədəfə vurmur, o mütləq parka gəlib yumruqlamağa aparat axtaracaq, özünə bir Tosu gəzəcək ki, onun çatışmazlığına baxıb ovunsun. İnsan ki qəzəbini sinəsindən püskürmədi, o mütləq qarnına dolub onu mərdlikdən edəcək.

Tosu Zəngilanlıya baxmaqdan həzz alan, ona baxıb şükür edən insanlar eqolarının, cahilliklərinin partlayışını yaşayırlar. Bu həyatın əksini yaşayan təvazökar, xəlvəti babaları, köhnə kişilər isə ata baxmaqdan, otlayan atı seyr etməkdən, ona şükür etməkdən yorulmazdı.

Sərdar Amin