Tramp vədlərinə əməl edərsə... - Abort, silah, müsəlmanlar

tramp-vedlerine-emel-ederse
Oxunma sayı: 7645

Məşhur milyarder Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra onun seçkiqabağı verdiyi vədlər yenidən gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, əgər verdiyi vədlərə xilaf çıxmazsa o zaman yaxın 4 ildə ABŞ siyasətində baş verəcək dəyişiklikləri aşağıdakı kimi sıralamaq olar:

Sərbəst ticarət

Amerikanın iqtisadiyyatını gücləndirmək üçün mühafizəkar siyasət yürüdəcək. Ölkəyə daxil olacaq əcnəbi məhsulların qarşısını alacaq, belə ki, sərbəst ticarətə müsbət baxmır. Bu səbəbdən də Şimali Amerika ölkələri ilə bağlanan sərbəst ticarətlə bağlı anlaşmaya yenidən baxa və ya onu ləğv edə bilər.

Miqrant köçü

Tramp ilk yüz günlük proqramı çərçivəsində Amerikada qanunsuz olaraq yerləşən 2 milyon qaçqını ölkədən qovacağını açıqlamışdı. Bir dəfə ölkədən çıxarılan şəxs təkrar ABŞ-a daxil olarsa, onları azı 2 il həbs gözləyir. Bundan başqa, müsəlmanların da ölkəyə girişinə qadağa qoymaq niyyətindədir. Ən maraqlısı isə odur ki, Trampın müsəlmanlarla bağlı bu tip çıxışlarını əks etdirən videolar seçki günü ona məxsus rəsmi saytdan yığışdırılıb. 

Pis qonşu...

“Sərhədimiz olmasa dövlətimiz də olmaz” deyən Tramp qanunsuz miqrant axını və narkotikin ölkəyə girişinə mane olmaq üçün Meksika ilə sərhədə divar hörəcəyini deyib. Üstəlik divarın pulunu da Meksika ödəyəcək...

İqlim

Tramp prezidentliyinin ilk 100 günü ərzində "amerikalı işçiləri qorumaq üçün" BMT-nin iqlim dəyişikliyi proqramına ödənilən milyard dollarlıq vəsaiti dayandıracağını, həmin pulu ölkəsindəki su və ekoloji infrastruktura sərf etmək istədiyini bildirib. Həmin iqlim razılaşmasından çıxmaq istədiyini desə də, hüquqi olaraq bunun asan prosedur olmadığı bildirilir.

Enerji

Tramp Obamanın iqlim üçün təhlükəli olduğunu əsas gətirərək rədd etdiyi Keystone boru kəməri kimi enerji layihələrini təsdiqləyəcəyini vəd edib. Bundan başqa, neft, təbii qaz, kömür kimi ölkənin enerji rezervlərindən istifadə etmək və ölkəyə yeni iş yerləri qazandırmaq üçün bu sahədəki məhdudiyyətləri aradan qaldıracaq.

Vergi

Tramp iqtisadiyyatı ildə 4 faiz böyütmək və 25 milyon iş yeri açmaq niyyətindədir. Bunun üçün yeni lider vergiləri azaldacaq.

Tibbi sığorta

Tramp dəfələrlə Obamanın adını daşıyan Obamacare tibb sığortasını ləğv edəcəyini və onun yerinə yeni bir sistem gətirmək istədiyini açıqlayıb.

Abort

Aborta qarşı olan Tramp bunun qanunsuz olduğunu, qadın və həkimlərin buna görə bir şəkildə cəzalandırılmalı olduğunu bəyan etmişdi. Daha sonra isə abort etdirən qadınların deyil, bunu edənlərin cəzalandırılmalı olduğunu ifadə etmişdi. Bunun üçün abortu həyata keçirən klinikaların büdcəsindən kəsiləcək, bu prosesə ancaq təcavüz, insest və ya ananın ölüm təhlükəsi olduğu hallarda izn veriləcək.

Silah

Tramp vədinə əməl edərsə ABŞ vətəndaşlarına silah gəzdirməyə izn veriləcək.