Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
Oxunma sayı: 1272

Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Ukraynanın Sankt-Peterburqdakı konsulunun saxlanılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” agentliyinə Ukraynanın Moskvadakı səfirliyinin əməkdaşı bildirib.

“Biz irəli sürülmüş ittihamları qəbul etmirik. Bu, Rusiya xüsusi xidmət orqanlarının təxribatıdır”, - agentliyin həmsöhbəti deyib.

Daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) verilən məlumata görə, Ukrayna konsulu Aleksandr Sosonyuk iş başında - Rusiya vətəndaşı ilə görüşdə təhlükəsizlik orqanlarının bazalarında olan qapalı xarakterli məlumat əldə edərkən - saxlanılıb. Bildirilir ki, Sosonyukun fəaliyyəti Rusiyaya qarşı düşmənçilik münasibətindədir və diplomatik işçi statusu ilə bir araya sığmır.

Daha sonra Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko Sosonyukun bir neçə saatlıq saxlanıldığını, artıq diplomatik idarəyə qayıtdığını bildirib. İnsidenti Moskva tərəfindən düşmənçilik hərəkətləri adlandıran qurum cavab tədbirlərinin hazırlandığını bəyan edib.

FTX-də qeyd ediblər ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq. Diplomatların işlədikləri ölkədə toxunulmazlığı var. Eyni zamanda, Vyana Konvensiyasına görə, qanunun pozulmasına və ya düşmənçilik hərəkətlərinə yol verildikdə hakimiyyət diplomatik işçiləri ölkədə qalma hüququndan məhrum edə bilər.