Ulu Öndər Şabranda yad olundu - Fotolar

ulu-onder-sabranda-yad-olundu
Oxunma sayı: 375

Şabran rayonunda Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi vəfatının ildönümündə dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub. Şəhid ailələri və müharibə veteranlarının da iştirak etdiyi ehsan süfrəsində Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin dövlətçilik irsi bu gün də ölkəmizin həyatında yol göstərən əsas ideoloji dayaqlardan biridir. Onun müdrik siyasəti, xalqa sonsuz bağlılığı, Azərbaycanı gələcəyə aparan strateji hədəfləri ölkəmizin hər bir uğurunun təməlində dayanır. Şabranlılar da Ulu Öndərin əziz xatirəsini daim uca tutur, onun ideyalarına sədaqətlə xidmət etməyi şərəf sayırlar.

Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, siyasi rəhbərliyi və uzaqgörənliyi ilə ölkənin taleyində dönüş yaradan tarixi şəxsiyyətdir. Heydər Əliyevin fəaliyyəti yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf konsepsiyasının əsasını təşkil edib.

Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan həm sovet hakimiyyəti illərində, həm də müstəqilliyin ağır və məsuliyyətli mərhələlərində böyük sınaqlardan uğurla çıxıb. Onun siyasi iradəsi, xalqına olan sevgisi və qətiyyətli addımları sayəsində ölkəmiz dağılmaq təhlükəsindən xilas olub, sabitlik və inkişaf yoluna qədəm qoyub.

Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi bu xəttin uğurunun ən böyük sübutudur.