“Ulu öndər deyirdi ki, bu fakt ona çox pis təsir etmişdi”

ulu-onder-deyirdi-ki-bu-fakt-ona-cox-pis-tesir-etmisdi
Oxunma sayı: 3007

“Heydər Əliyevin hakimiyyətə gəlişinədək Azərbaycan inkişaf etmiş industrial respublika deyildi”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev verdiyi müsahibədə deyib.

Deputatın həmin müsahibəsini təqdim edirik:

- Bu gün Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümü qeyd olunur. Hesab edilir ki, Azərbaycanda iqtisadiyyatın yenidən qurulması və yüksəlişi həmin ildən başlayıb...

- Mən sizə bir maraqlı faktı deyim. Milli Məclisdəki müzakirələrdən birində mən üzümçülüyün perspektivləri ilə bağlı çıxış etməli oldum. Üzümçülük ənənələrini araşdıranda çox maraqlı bir faktla qarşılaşdım: ötən əsrin 80-ci illərinin əvvəllərində respublika büdcəsinin yarısını üzümçülük və şərabçılıqdan gələn vəsait təşkil edirdi. Həmin illərdə Bakıda keçirilən üzümçülük və şərabçılıq sferasında istifadə olunan qabaqcıl texnologiyaya dair beynəlxalq sərgidə ən mükəmməl qurğuların hamısı respublika tərəfindən alınmışdı. Hesab olunur ki, üzümçülük və şərabçılıq sahəsində əldə etdiyimiz uğurların başlıca səbəbi Heydər Əliyev tərəfindən belə müasir avadanlıqların tətbiqinə stimulun yaradılmasıdır. Məntiqi nəticə kimi, Azərbaycan sonrakı illərdə kənd təsərrüfatının bu sahəsinə görə ittifaq birinciliyinə yüksəlmişdi. Ümumiyyətlə, üzümçülük sahəsinin inkişafı ölkəmizdə Ulu öndərin adı ilə bağlıdır. Yeri gəlmişkən, ölkəmizdə hazırda bu sahənin sürətlə bərpası istiqamətində əməli iş gedir.

Azərbaycan əsas etibarilə aqrar respublika olsa da, ənənəvi kənd təsərrüfatı sahələrindən başqa büdcəyə iri vəsaitlər gətirən bitki mədəniyyətlərinin inkişaf etdirilməsi lazım idi. Kənd təsərrüfatı sahəsində Heydər Əliyev buna nail olmuşdu. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinədək Azərbaycan nefti ilə tanınsa da, inkişaf etmiş industrial subyekt deyildi. II Dünya Müharibəsindən çıxmış SSRİ-də gedən sənayeləşmə respublikamıza arzuolunan miqyasda təsir etməmişdi. 1970-ci ildən başlayaraq Azərbaycanda böyük sənaye obyektlərinin tikintisi və fəaliyyəti başladı ki, indiki sənaye potensialımız həmin illərdə müəyyən olunmuş perspektivli sahələri özündə əks etdirir.

- Belə bir fikir də var ki, 1969-1982-ci illərdə indiki müstəqil dövlətimizin əsası qoyuldu. Bu tezislə razısınız?

- Əlbəttə. Bu geniş mövzudur təbii ki, çünki dövlət idarəçiliyinin müxtəlif sahələrini özündə ehtiva edir. Ulu öndərin sovet illərində xalqımız qarşısındakı ən böyük xidməti vətən övladlarının təhsilinin qayğısına qalması və elmi-intellektual potensialın formalaşdırılmasına verdiyi dəstəkdir. Müstəqilliyimizin ilk illərində ölkəmiz məhz həmin illərdə yetişdirilmiş elmi və kadr potensialına güvəndi.

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, zəngin tariximizə diqqət, adət-ənənələrimizin məhdudiyyətlərə baxmayaraq təbliğinə Heydər Əliyev tərəfindən böyük önəm verilirdi. Dahi Hüseyin Cavidin nəşinin doğma torpağına gətirilməsi, Qarabağızımızda erməni separatizminə gözdağı verən Vaqifin məqbərəsinin Şuşada tikilməsi, milli, gənc kadrlarımızın önə çəkilməsi o illər üçün tarixi addımlar idi. Bu misallar məsələnin ideoloji tərəfi. Məsələn, Cəmşid Naxçıvanski adına hərbi məktəb ordumuzun bünövrəsidir və o vaxt ümummilli liderin təşəbbüsü ilə fəaliyyətə başlamışdı. Xalqın rifah halının yüksəlməsi üçün həyata keçirilən işlər var idi.

Respublika idarəçiliyində mövcud olan mənfi tendensiyaların kökünün kəsilməsi və neqativ təzahürlərlə qəti mübarizəyə dair çoxsaylı misallar gətirmək olar. Ən vacibi – Azərbaycanın gələcəyi, xalqımızın sabahı, o cümlədən ölkəmizin müstəqilliyinə qovuşacağı tədqirdə ehtiyac duyulacaq iqtisadi infrastrukturun, elmi və intellektual potensialın yaradılması idi. Şübhəsiz ki, o illərdə görülən bir çox işlər müstəqilliyə hesablanmışdı.

- Siyasi ekspertlər daha bir məqama toxunurlar: Heydər Əliyevin Azərbaycan SSR-in ittifaq çapında nüfuzu istiqamətində əməli fəaliyyəti...

- Heydər Əliyevin səhv etmirəmsə, 1991-ci ildə verdiyi müsahibəsi var. 1975-ci ildə ABŞ prezidenti Riçard Niksonun SSRİ-yə tarixi səfəri zamanı onun iki şəhərdə olacağı müəyyənləşdirilmişdi: Moskva və Bakı. Yəni o vaxtkı Leninqrad, Kiyev, Minsk yox, Azərbaycan SSR-in paytaxtı Bakı. Bu fakt artıq o vaxt respublikamızın nəinki tək SSRİ, hətta onun hüdudlarından kənarda ciddi maraq kəsb etdiyinin göstəricisi idi. Ulu öndər həmin müsahibədə deyir ki, Niksonun səfərinə hazırlıq məqsədilə Bakıya gələn məsul şəxslər belə qərara gəlmişdilər ki, burada ABŞ prezidentini lazımi səviyyədə qəbul edəcək infrastruktur yoxdur və Bakı Kiyevlə əvəzlənmişdi. Ulu öndər deyirdi ki, bir azərbaycanlı kimi bu fakt ona çox pis təsir etmişdi və respublikada tikilmiş mehmanxanalar və qonaq evlərinin inşasına məhz bundan sonra start verildi.

Əlbəttə, görülən işlərin böyük bir qismi Azərbaycanın nüfuzunun artırılmasına yönəlmiş fəaliyyət idi. Məhz buna görədir ki, Azərbaycan ittifaq çapında xüsusi çəkisi olan respublika idi. Özünün iqtisadi göstəriciləri, elmi potensialı ilə. Bütün bunlara 1969-cü ildən etibarən nail olunmuşdu və birbaşa olaraq Heydər Əliyevin adı ilə bağlı idi.