“Uşaqlar intihar cəhdi ilə “mən də varam” demək istəyirlər” - Səbəblər

usaqlar-intihar-cehdi-ile-men-de-varam-demek-isteyirler-sebebler-
Oxunma sayı: 1371

Heç kəs deyə bilməz ki, Azərbaycan insanının, uşağının ümumi psixi vəziyyəti tam ürəkaçandır. Niyə son zamanlar gülərüz, mehriban, sakit, dözümlü insan tapanda və ya belə insanla qarşılaşanda sevinirik? Çünki belələri aramızda azlıq təşkil edir. Yaxud, uşaqlarımız niyə həyatdan tez doyub ölməyə tələsirlər?

“Qafqazinfo” Bakı Şəhəri Uşaq Ruhi Əsəb Dispanserinin mütəxəsisi, ali dərəcəli psixoloq, psixonevroloq Xatun Rəfiyeva ilə hamımızı maraqlandıran məsələlərə aydınlıq gətirib.

- Xatun xanım, 36 illik iş təcrübəsi olan mütəxəsis kimi uşaqlarımızın ümumi psixoloji vəziyyəti barədə rəyiniz.
- Əvvəlki illərlə müqayisədə uşaqların davranışında, psixoloji vəziyyətində daha çox proplemlər meydana çıxmaqdadır. Xəstələr də çoxalıb. Hələ bunu müraciət edənlərə nəzərən deyirəm. Elə vəziyyətlər var ki, ilkin mərhələdə həmin uşaqlara yardım göstərmək çətin olmur. Problemi dərinləşmiş yeniyetmələrlə işləmək isə bir qədər çətindir. Ümumiyyətlə, psixi pozğunluqlarda bir çox amillər rol oynayır: anadangəlmə (hamilə qadının stress, depresiyalar, travmalar yaşaması), ağır doğuşlar zamanı, həyatıboyu baş vermiş hər hansı travmalar, ailədən qaynaqlanan səbəblər, ailədə valideynlərarası münaqişə, münaqişə zamanı zorakılıq. Münaqişələrin yaranmasında isə ətraf mühit, ekoloji, iqtisadi-maddi çətinliklərin yaratdığı səbəblər var. Üstəlik hər hansı somatik xəstəliyi (daxili orqan xəstəlikləri, vərəm, astma-bronxit, revmatizm, ürək qüsurları və s.) olan uşaqlar belə vəziyyətdə psixoloji cəhətdən tez sınırlar. Nəticədə uşaqda özünəqapanmalar, yorğunluq, əzginlik, iştəhasıqlıq, yuxusuzluq, sakitlikvə ya əksinə aqressivlik meydana gəlir. Ailə bəzən uşağı başa düşmək, ona yardım etməkdə aciz qalır və ya bunun əvəzinə onu danlayırlar. Başa düşən valideyn isə dil tapa bilmir. Belə halda mütəxəsislərə müraciət olunması gərəkdir. Mütəxəsisin vəziyyəti dəyərləndirməsi mütləqdir. Ən sadə hal. Uşaq məktəbə getməkdən imtina edirsə, deməli onun məktəbində konkret ona mənfi təsir edən məqam var. Müəllimin kobud davranışı, onu təhqir etməsi, uşaqlarla hər hansı problemi, özünü başqalarından əksik görməsi və s.

- Nə üçün çox insanımız psixiatr, psixoloq deyəndə təşvişə düşürlər? Bu xofun tilsimi bu günə kimi heç cür qırılmır ki, qırılmır?
- Bəli, bu bizim əsas problemlərimizdən biridir. Əgər kimsə özünü apara bilmir, ətrafdan küsüb, kobud davranır, ona o dəqiqə “dəli” adı qoyurlar. Bu çox kobud və haqsız qiymətdir. Biz həkimlərin adı çəkiləndə isə insanlarda belə bir fikir yaranır ki, biz daha çox anormal xəstələrlə işləyirik. Dünya ölkələrində bütün ailə problemlərini, narazılıqlarını ailə psixoloqları, psixoanalitikləri həll edirlər. Bu insanlar dəyərli məsləhətləri ilə hörmət qazanıblar. Bizdə isə bir az qüsurlu uşaqlar ya gizlədilir, cəmiyyətdən təcrid olunur, ya da ara həkimləri dediyimiz cadugərlər, ektrasenslərin yanına aparılır. Valideynlər o vaxt ayılır ki, ya uşaq canına qəsd edib və ya problemi artıq müalicəyə tabe olmur.

- Onda belə çıxır ki, ailə üzvləri öz uşaqlarını “öldürə” də bilər, “dirildə” də.
-Xəstələrim arasında bir oğlan uşağı vardı. 16 yaşlı yeniyetmənin atası yanıma gəlib ağlayırdı ki, “həkim uşağım əldən gedir, qorxuram özünü öldürsün”. Hətta o uşağı dəlixanaya qoymağı məsləhət görübmüşlər. Aylarmış uşaq ailədən uzaq bütün gün öz otağında otururmuş. Uşaqla danışmağa getdim. Otağının qapısını açmadı. Bir neçə cəhddən sonra çıxıb hamıya bağırdı. Üstündən xeyli keçdi. O, qapını açanda mənim getmədiyimi görüb susdu və onu dilə tutdum. O, valideynlərdən çox səbirli olduğuma inandı. Tədricən söhbətlərdən sonra o uşağı normala döndərdik. Problemi evdə xoş davranılmaması, atası tərəfindən təzyiqlərə məruz qalması idi. Əlbəttə, valideynlərlə də ayrıca söhbətlərimiz oldu. İndi də o uşaq nəzarətimdədir.

Yaxud başqa bir məsələ. Boşanmalar zamanı azyaşlı uşaqlar daha çox psixoloji zərbə alırlar. Təəssüf ki, bunu valideynlər dərk etmirlər. Uşağın gözü qarşısında zorakılıq, əlbəyaxa döyüş nümayış etdirirlər. Bir xəstəm vardı. Ana-ata boşanma ərəfəsində idi. Uşaqlardan ən balacası bir müddət idi ki, yeməkdən imtina etmişdi. Uşağı yanıma gətirəndə dərhal başa düşdüm ki, bu uşaq atasını istəyir və ailədəki vəziyyətdən xəbərdardır. Valideynlərlə söhbətdən sonra, onlar barışdı, uşaq özünə gəldi. Bu günə kimi, çox ailə olub ki, bu xoş niyyətimə nail olmuşam və uşaqlarının hesabına valideynləri barışdırmışam.

- Bizim valideynlərin çoxu uşaqlarla özünə sərf edən kimi davranır. Lazım olanda “uşaqdır başa düşmür” deyirlər, istədiyi vaxtda isə övladına “yekə uşaqsan” müraciət edir.
-Uşaqlarla davranışda da çox səhvlər edilir. Onlara ya çox sərbəstlik verilir, başlı-başına buraxılır. Yaxud əksinə saysız qadağalar qoyulur. Xüsusən, azyaşlı uşaqlar bütün ətrafdakıları, yaxşını-pisi əla başa düşürlər. Sadəcə onlar hissləri ilə hərəkət edirlər. Ya icinə vurub özünə qapanırlar, ya da ətrafla aqressiv davranırlar.

- Bildiyimə görə, xoş olmayan məqamlar uşaqların həyatının ilk vaxtlarında daha çox ağılına, hisslərinə “qeyd olunur”. Bəzən bu travmalar sonrakı illərdə pis nəticələr verir. Necə ki, ağır cinayət işləyənlərin uşaqlığı araşdırıldıqda, vaxtiylə alınmış psixi zərbələrin izləri ortaya çıxır.
-Bəli, bu belədir. Bu səbəbdən uşaqlar olan evdə davranışlara nəzarət olmalıdır.

- Xatun xanım, sizin sənətinizdə diğər həkimlərdən fərqli olaraq səbirli olmaq da rol oynayır. Qəbul edək ki, bu gün bir dəfə xəstəyə qiyabi baxmaqla tezbazar dərman yazan həkimlərimiz də var.
-Mütləq. Bizim işimizdə xəstəni dərmanlarla yanaşı sözlə, söhbət yolu ilə mülicə etmək də rol oynayır. Bəzən bir neçə kəlmə xəstənin davranışında dəyişiklik edə bilər, oyanmasına səbəb olar. Səbirli olmaq isə əsas məsələdər. Olub ki, xəstəmin vəziyyətini aşkarlamaq, nəticəyə gəlmək üçün onu bir ilə yaxın müşahidə etmişəm. Davranışlarını, ətafdakılarla münasibəti öyrənmişəm.
Bəli, təəssüf ki siz deyən bir qisim “həmkarlarım” xəstənin vəziyyətini dəyərləndirmədən ona xeyir əvəzinə zərər yetirirlər. Elə xəstəm olub ki, onun normal həyata dönməsinə ümid qalmayıb. Amma ailəsi ilə birgə sinə gərib uşağı həyata qaytarmışıq.

-Şəxsən məni internet, texnikanın getdikcə sürətlə inkişafı narahat edir. İnsanlar bir-birindən uzaqlaşır. Belə deyim, ünsiyyət catışmazlığı sindromu yaranıb. Tv-lərimiz isə zorakılıq, səviyyəsizlik, elmsizlik, hörmətsizlik təbliğ edirlər. Uşaqlarımız ən yaxşı geyim, mobil telefon yarışına giriblər. Bu tərbiyə ilə hara gedirik?
-Bu mənim ən ağrılı yerimdir. Ən əvvəl tv-lərdə mütəxəsislərə az yer verilir. Ancaq özəl klinikaların reklamı gedir. Reklamlardan da birində belə bir söz işlənir: “tanınmış nevroloq-psixoloq”, axı tibbdə belə status, titul yoxdur. Savadlı, təcrübəli həkimlərimiz insanalara canı yanmayan həkimciklərin oduna yanır. Belələri sadə sualı belə bilmir. Sonra iranlı, türkiyəli həkimlərin reklamı gedir. Bəsdir də, bizi o xaricilərin ayağının altına verdiniz, ay tv-lər. Bu həkimləri yalnız pul maraqlandırır. Pul üçün illərini sənətinə vermiş həkim-mütəxəsislər niyə təhqir olumalıdır? Yaxud, dəfələrlə tv-lərdə qonaq olmuşam. Ciddi problemdən danışdığım yerdə, kimsə gəlir dingildəyir. Şou da lazımdır, amma çərcivədə. Uşaqlarımıza “davay dosvidaniya” əzbərlədilir və bununla fəxr olunur. Uşaqlara daha xeyirxah, intelektual, səviyyəli verilişlər, söhbətlər hazırlanmalıdır. Xarici kanallarda maraqlı psixoloji verilişlər gedir. İnsanların narahatlıqlarına son verilməyə çalışılır. Bizdə isə efir-ekran bazardır. Uşaqlarımız zorakılıq təbliğ edən filmləri izləyirlər. Bəzən uşaqlara tv, internet izləmək qaydası da biçilmir. Nəzarətsizlik hökm sürür.

- Əsas məsələyə gələk. Biz hər gün olmasa da, günaşırı intihar xəbərləri ilə oyanırıq. Hələ bu xəbərlər rəsmi xəbərlərdir. Çox adam intihar hadisəsini qınaqdan qurtulmaq üçün gizlədir. Niyə gənclərimiz, uşaqlarımız canına qəsd edirlər?
-Bir az əvvəl səbəblər barədə söz açdıq. Həmin psixoloji problemlər dərinləşdikdə, uşağa yardım göstərilmədikdə uşaq bu qəsdə gedir. Əslində uşaqlar, gənclər ölümün nə olduğunu bilmirlər. Sadəcə bəzən ölməyə çalışmaq cəhdləri olur. Bu artıq çarəsiz qalan, hər şeydən bezən, amma dil tapa bilməyən uşaqlardır. Depressiyaya düşənlər ətrafa özünün mövcudluğunu sübut etmək, diqqəti cəlb etmək üçün özünə qəsd edirlər. Xəstələrim arasında qolunun, biləyinin damarını kəsən uşaqlar çoxluq təşkil edir. Onlarla danışanda səbəblər eyniləşir. Ailədə valideyn münaqişəsi, maddi vəziyyətin pisliyi, uşağa diqqətin azlığı, onun problemi ilə maraqlanmamaq, təzyiqlər, qadağalar, danlamalar, şəxsi uğursuzluqlar. Təəssüf ki, uşaqlar çox vaxt intihar cəhdləri nəticəsində qurtulmurlar. Ailə övladını itirsə də, bu ölümdə özündən çox ətrafda səbəb axtarmağa çalışır. Bu səbəbdən hər ailə birinci nəzarətçi rolunu oynamalıdır. Uşaqlarını izləməli, yersiz kobud davranışı ilə uşaqlarını özlərindən uzaqlaşdırmamalıdır. Əslində bizim ailələrin çoxunda uşaqla yaxın münasibət qurmaq həvəsi, marağı olmur. Nəticədə uşaqlar zərərli vərdişlər siqaret, narkotikdən istifadəyə sürüklənir, doğru olmayan insanlardan məsləhət almağa məruz qalırlar.

- Onda belə çıxır ki, son vaxtların “intihar virusu” hər ailəni təhlükədə qoya bilər?
- Tam belə də demək olmaz. Amma xüsusən uşaqların düşüncələrini tez-tez öyrənmək lazımdır. Çox sakit dolaşan uşaqları danışdırmaq, fikirlərini dağıtmaq gərəkdir. Valideynlər uşaqlarla söhbət qurmalı, əvvəlcədən özünəqəsdin günah olduğunu aşılamalıdırlar. Ən əvvəl öz davranışlarına fikir verməlidirlər. Uşaqlara zərərli vərdişlərdən bəhs edərkən, özləri də o vərdişlərdən uzaq omalıdırlar. Bir də valideynlər uşağın hansı yaşında olursa-olsun boşanmağa tələsməsinlər, əgər bu akt baş verirsə belə, ailə bağlarını tam qırmamağa cəhd etsinlər. Uşaqları üçün münasibətlərini kobud, hörmətsiz çərçivəyə salmasınlar.

Raminə Eyvazqızı