Vaqif Əsədov qaydanı pozmadığını açıqladı - Yenilənib+Foto

vaqif-esedov-qaydani-pozmadigini-aciqladi
Oxunma sayı: 14001

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozub.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib. DYP-ə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması isə şəbəkə istifadəçilərinin etirazına səbəb olub.

Məlumat üçün bildirək ki, durma qaydalarının pozulması zamanı sürücü avtomobildə yoxdursa, evakuasiya olunmalı, 20 manat cərimə edilməlidir. Sürücü avtomobildədirsə yalnız 20 manat cərimə edilməlidir.

Onu da bildirək ki, polis avtomobillərinə hərəkət zamanı xidməti zərurət yaranarsa, yol hərəkəti qaydalarını pozmağa icazə verilir.

***

Publika.az-a açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: “Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir”.

***

DYP rəsmisi Vaqif Əsədov hadisə ilə yeni açıqlama verib. Bu dəfə isə qayda pozmadığını etiraf edib.

O, AzVision.az-a haqqında yayılan xəbərlərin qərəzli olduğunu, xidməti avtomobillə qaydaları pozmadığını bildirib.

V.Əsədov qeyd edib ki, qayda pozuntusu təsdiqlənərsə, cərimə ödəməyə hazırdır.

“Əgər orada qayda pozuntusu varsa, cəriməni ödəyəcəyəm. Belə sensasiya xarakterli məlumatlar yaymaq düzgün deyil. Yenə deyirəm ki, mən qaydaları pozmamışam. Qaydanı pozsam, cəriməni hamından əvvəl ödəyərəm. Hamı qanun qarşısında bərabərdir. Kimliyindən aslı olmayaraq, qaydanı pozan hər kəs cəzasını çəkməlidir”.

Qeyd edək ki, DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər. Həmin fotoda da V.Əsədova məxsus xidməti avtomobilin siren işqıları yanılıdır.