Vaqif Həsənovun səyyar qəbulu keçirildi - Fotolar

vaqif-hesenovun-seyyar-qebulu-kecirildi
Oxunma sayı: 340

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 yaşayış massivində səyyar qəbul-görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. 

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. 

RİH başçısı Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək haqqında Azərbaycan Respublikasının Prezidentinin 3587 nömrəli Sərəncamının 3.1.2-ci bəndinin icrası ilə əlaqədar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı məlumat verib. 

V. Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə aidiyyəti üzrə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.