“Vətənim İrəvana, Zəngəzura, Göyçəyə qayıtmaq istəyimi erməni təmsilçiləri birmənalı qarşılamadı” - Təmraz Tağıyev

vetenim-irevana-zengezura-goyceye-qayitmaq-isteyimi-ermeni-temsilcileri-birmenali-qarsilamadi
Oxunma sayı: 3642

“Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci Sessiyası bir daha əyani şəkildə göstərdi ki, biz erməni tərəfinin heç bir məntiqə sığmayan mənasız hərəkətlərinə cavab verməyə daim hazır olmalıyıq”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Belediyye.info-ya Konqresdə Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

Sədr bildirib ki, sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq, son anda sessiyanın gündəliyinə salınmış “Qarabağ və ətraf şəhərlər və regionlarda humanitar vəziyyətə dair Bəyanat”da “Dağlıq Qarabağ”, “etnik təmizləmə”, “emənilərin mədəni və dini irsinin qorunması” və bir neçə bu tip müddəalar sənəddən çıxarıldı:

“Müzakirələrdə söz alıb danışarkən sözümü kəsməyə cəhd edən erməni və ermənipərəst qüvvələrin təkidli hərəkətlərinə baxmayaraq, çıxışı sonadək davam etdirdim. Əyləşdiyim kürsüyə yaxın yerdə əyləşən erməni bələdiyyə sədrləri mənə qarşı hətta nalayiq ifadələr işlətməkdən çəkinmədilər. Nümayəndə heyətinin rəhbəri Anar İbrahimov və üzvlərin birgə səyi ilə müəyyən mənada istəyimizə nail olduq.

Düzdür, bəyanat bizi tam qane etmir, ancaq mövqeyimiz odur ki, ümumiyyətlə bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxarılmamalıdır.

Çıxışımın sonunda “mən Vətənim İrəvana, Zəngəzura, Göyçəyə qayıtmaq istəyirəm” fikri ilə bitirməyim erməni təmsilçiləri tərəfindən birmənalı  qarşılanmadı. Vətənimin Hamamlı bölgəsi olmasını, bu rayonda doğulub boya - başa çatdığımı və məhz erməni separatçılarının etnik təmizləmə siyasəti nəticəsində 300 minlik azərbaycanlının öz doğma yurd-yuvasından erməni separatçı qüvvələri tərəfindən qovulduqlarını sessiya iştirakçılarının diqqətinə çatdırdım.
Son olaraq qeyd edim ki, bu gün məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti ilə doğma Qarabağ və Zəngəzurumuz erməni separatçılarından təmizləndi.

Beləliklə, ölkəmiz bütün ərazisində öz suverenliyini bərpa etmiş oldu. Odur ki, biz daim bütün sahələrdə ayıq-sayıq olmalı və erməni separatçı qüvvələrə tutarlı cavab verməyə hazır olmalıyıq”.