Azərbaycanda yaşayıb onu doyunca eninə-uzununa gəzməmək özü də qəbahətdir. Götürək, üç min yaşı olan Şəki şəhərini. Gec də olsa, tarix qoxulu bu yerə səyahət etmək, onun qədimiliyini yaxından görmək mənə də nəsib oldu.
Şəkinin hər qarışı əsrlərin sınağından keçmiş abidələr, qədim məkanlarla zəngindir. Burada iki dünya əhəmiyyətli abidə -Yuxarı Baş Tarixi -Memarlıq Qoruğu və Şəki Xan sarayı, 13 ölkə, 33 yerli əhəmiyyətli, 31 arxeoloji abidə, 4 bağ və park var.
Bakının tarixi abidələrinə münasibətlə Şəkini müqayisə etdikdə ikincidə daha insafla davranılır. Bakının qədim tikilisinə müasir tipli bina yamaq kimi əlavə olunursa, buranın küçələri gah qədimi, gah da həddən-ziyadə müsirliyinə görə növbələnir. Bu gün də şəhərin ümumi planında milli memarlıq üslubu qorunulmağa çalışılır.
Şəkiyə gələn əcnəbi və ya yerli turist ilk əvvəl Şəki Xan Sarayına baş çəkməyə tələsir. “Yuxarı Baş” Tarix və Memarlıq Qoruğu qala divarları ilə əhatə olunub. Daxilində isə şöhrət tapmış Xan Sarayı qorunulur, muzeylər fəaliyyət göstərir.
Hələ 1851-55-ci illərdə Qafqaza səfər edən fransız yazıçısı Aleksandr Düma sarayın tikilişinə, oradakı rəsm əsərlərindən heyrətlənmiş və “Allah bu abidəni pis insanlardan qorusun” deyə, duallar edibmiş. Böyük türk şairi Nazim Hikmət Şəkiyə gələndə heyran qalıb və belə deyib. “Azərbaycanın heç bir tarixi abidəsi olmasa belə, Şəki Xan Sarayı onun keçmişini sübut etməyə yetərlidir.” Sarayın müasir durumu barədə bir az sonra.
Hazırda tarixi qoruğun daxilində eksponatlarla zəngin olan Rəşid Bəy Əfəndiyev adına Şəki Tarixi- Diyarşünaslıq muzeyi fəaliyyətdədir və böyük bir ərazini əhatə edir. Muzeydə Azərbaycanın qədim məkan olduğunu göstərən maraqlı dəlillər nümayiş olunur. Burada üç minə yaxın eksponat nümayişə çıxarılıb. Muzeyin təbiət, etnoqrafiya, döyüş, qədim, müasir dövr, ipəkçilik, şəki mətbəxi, şəkinin elm adamları, cümhuriyyət kimi ekspozisiya zalları var. Bu maraqlı eksponatlar vaxtiylə Madaqaskar, Pakistan, Qərbi Avropa ölkələrində festivallar çərçivəsində sərgilənib. Elə bu gün də Bakıda, eləcə də bölgələrdə sərgilərə çıxarılır.
Muzeyin hər eksponatında gizli tarix var. Xüsusən, milli adət-ənənələri özündə daşıyan eksponatlar daha çox maraq doğurur. Misal üçün, orta əsrlərdə döyüşən əsgərlərin qoruyucu kimi istifadə etdiyi təkcə geyimin(jilet) çəkisi səkkiz kiloqramdır. Belə çıxır ki, o zamanın döyüşçüləri fiziki çəhətdən daha güclü olublar ki, ağır zirehli paltarı və silahı ilə hərəkət ediblər. Yaxud, “hamam seyfi”(19-cu əsr) adlı saxlama qabı maraqlıdır. O, dövrün qadınları bu qabda zinyət əşyalarını yığıb, sonra nümayişə çıxarırmışlar. Başqa bir maraqlı fakt, başmaqlar. Həmin dövrdə qadın və qızlar çarşabla gəzdiyi üçün yalnız onların başmaqlarına baxıb evli olub-olmamasını ayırd etmək mümkün imiş. Ailəli xanımın başmağı enli, gənc qızınkı isə daha incə olubmuş. Şöhrət tapmış “Şəki ipəyi” ekspozisiya zalı da zəngindir. XIX əsrdə yerli ticarətçilərin təbliğatı nəticəsində Şəki ipəyi Londonda qızıl medala layiq görülüb. Əsil Şəki ipəyinin bir arşını üzükdən rahatlıqla keçir.
Muzeydə ta qədim dövrü əhatə edən əşyalarla yanaşı, ötən əsrin, müasir tarixə həsr olunmuş guşələr də var. Ötən əsrin ortalarında Azərbaycanın görkəmli alim və şəxsiyyətlərinin üçdə ikisi Şəki torpağının yetirmələri olub. Azərbaycanın böyük mütəfəkkiri Mirzə Fətəli Axundovun evinin maketi də maraq doğurur. Muzeyin bələdçisi Ruqiyyə xanımın sözlərinə görə, sentyabrda Şəkidə dramaturqun ev muzeyinin açılışı da olacaq. Böyük, ölməz şairimiz Bəxtiyar Vahabzadə ölümündən qabaq ona ithaf olunmuş xalçanı muzeyə bağışlayıb. Bu xalça da vacib əşyalardan biridir. Yaxud Aşıq Molla Cümənin sazı da maraq doğurur. İctimai xadim, publisist Nəriman Nərimanov 1920-ci ildə Yevlaxdan Şəkiyə gəldiyi fayton da müzeydə saxlanılır. Hətta N.Nərimanov öz qeydlərində bu səfərindən bəhs edib və “bir neçə saatlıq yolu, elə bil bir neçə dəqiqəyə gəldim, çünki faytonçum şəkili idi”, bildirib.
“Müasir zal”da gözüm fədakar jurnalist Çingiz Mustafayevin guşəsini axtarırdı. Axı o da şəkili idi. Bələdçi ölməz reportyora ayrıca guşənin hazırlanacağını bildirdi.
Bir sözlə, buranı təsvir etməklə bitməz. Şəki Tarix və Diyarşünaslıq Muzeyi bizim qürur yerimiz hesab edilə bilər. Amma burada da təəssüf ediləcək məqamlar var. Ən əvvəl Şəkinin tarixi məkan olması son illər bura gələn əcnəbilərin sayını artırıb. Əcnəbi turistlər baxımsız muzeydə onlara bələdçilik edən şəxs axtarırdılar. Bələdçilərin olmaması bir tərəfə eksponatlar haqqında məlumatlar yalnız azərbaycanca qeyd olunub. Bu vəziyyətdən əcnəbilərin narahat olması təbiidir. Onların üzündə narazıçılığı sezmək çətin deyildi. Muzeydən öyrəndim ki, planda eksponatlar haqqında ən azı ingilis dilində şərh-qeydlərin yazılıb yerləşdirilməsi var.
Digər məsələ. Arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, yaxud diğər eksponatların çoxu açıq-aşkar ortalıqda idi. Buradakı tarixi əşyalar xüsusi mühafizə olunma qaydasından məhrum qalıb. Qaydaya görə, onların hava ilə təmasına yol verilməməli, xarab və məhv olmasının qarşısı alınmalıdır. Ziyarətçilər eksponatlara toxunmamalıdırlar. Bu məsələyə də muzeydən münasibət bildirildi. Gələcəkdə muzeyin təmiri zamanı bu məsələ aradan qaldırılacaq.
Hər halda zəngin eksponatlara malik olmaqdan çox onların təqdimatı daha vacib məsələdir.
Şəki Xan Sarayı - Xanın “ofis”i
Şəki Xan Sarayı kimi tanınmış bina Şəki xanı Hacı Çələbi xanın nəvəsi Məhəmmədhəsən xanın zamanında tikilib. Sarayın bələdçisinin məlumatına görə, tikinti 1762-ildə başlayıb. Elə tarixi abidənin 250 illiyi qeyd olunur. Bina Usta Abbasqulu tərəfindən inşa olunub. Hətta onun adı ərəb əlifbası ilə sarayın otaqlarından birinin tavanında da qeyd edilib. Başqa mənbələrə görə isə, bina 1789-97-ci illərdə memar Zeynalabdin Şirazi tərəfindən inşa olunub. Tarixi bina iki ilə tikilib, səkkiz il ərzində isə bəzək, nəqqaş işləri görülüb. Altı otaqlı, ikimərtəbəli olan binanın dörd dəhlizi və iki güzgülü eyvanı var. Tikinti zamanı hər hansı yapışqan və mismardan istifadə olunmayıb. Bərkitmə işlərində yumurtadan istifadə edilib. Binanın tavanı bir-birinə geydirilmiş taxta şəbəkələrdən ibarətdir. Mozaik şüşələr, həndəsi fiqurlar şəklində kəsilmiş taxtalar nadir memarlıq nümunəsidir. 5524 ədəd taxta parçasından istifadə olunub. Tikinti üçün güzgülər isə o zaman İsveçrədən Şəki ipəyi ilə mübadilə olunmaqla əldə olunub. Bina xanın yay sarayı olub, başqa sozlə o, bütün görüş və ziyafətlərini keçirib, vacib qərarlarını burada verib. Bundan başqa Şəki xanı özü “Müstaq” ləqəbi ilə şer də yazıb və şer məclislərini də burada qururmuş. Saraydakı altı otaqdan biri xanın xanımı Xurşud xanıma aid olub. Məhəmmədhəsən xanın yalnız bir xanımı olub və onların altı övladı olub.
Şəki Xan Sarayı uzunluğu 1300 olan qala divarları arasında mövcud olmuş 40 tikilidən biri və yeğanə salamat qalanıdır. Tarixçilərin fikrincə, bu binanın salamat qalmasına səbəb onun qarşısında olan, əsrlər görmüş qoşa xan çinarları olub. Xan çinarları tarixi abidəyə sipər durmuş və bu gündə nəhəngliyi ilə insanı heyrətlətləndirir.
Şəki Xan Sarayı tarixi –memarlıq abidəsi olmaqla yanaşı, daha çox rəssamlıq abidəsi kimi nadır nümunədir. Binanın daxili divarları, tavanı mənalı, rəngli, nəbatat rəsmləri ilə zəngindir. Hər çəkilmiş rəsmin öz mənası, hikməti var. Bu sənət əsərlərini yaxından izləmək yerinə düşər. Rəsmlərin 80%-i təbii boyalarla çəkilib. Zamanla rəsm əsərlərinin yenidən bərpa olunması işləri aparılıb. Ötən əsrin əvvəllərində usta, nəqqaş Qəmbər, Mirzə Cəfər, 1955-56-cı illərdə isə memar H. Q. Rzayevin başçılığı ilə bərpa olunmuşdur. 2002-2004-cü illərdə isə Almaniya şirkətinin dəstəyi ilə restavrasiya işləri aparılıb, rəsm əsərlərinin bərpası üçün isə Venesiyadan nəqqaşlar dəvət olunub. Sonuncu bərpa işləri zamanı döşəmə laminat təbəqə vurulub. Başqa sözlə, əsrlər görmüş tarixi sarayın tavanına baxanda fərəhlənməmək qeyri-mümkündür. Yerə, döşəməyə baxdıqda isə hər hansı müasir evdə olduğunu güman edirsən. Düzü, son restavrasiya işləri aparılanda da döşəmə məsələsi tarixçilərin qınağına səbəb olmuşdu. Hər halda döşəmə xüsusi, saraya münasib şəkildə bərpa oluna bilərdi. Ən azı estetik cəhətdən göz oxşayardı, ümumi ahəngi pozulmazdı. Bu barədə ziyarətçilərin də çoxu iradını bildirirlər. Yəqin ki, əcnəbilər də bu qənaətdədir...
Raminə Eyvazqızı