Xankəndidə terror planlaşdıran Avanesyanın məhkəməsi başladı - Foto

xankendide-terror-planlasdiran-avanesyanin-mehkemesi-basladi
Oxunma sayı: 601

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyan barədə cinayət işi üzrə məhkəmə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

K. Avanesyan qanuna uyğun olaraq tərcüməçi və vəkillə təmin olunub, ona hüquq və vəzifələri elan edilib.

Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.

Qeyd edək ki, bu il sentyabrın 14-də Azərbaycanın Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Xankəndi şəhərinin 1967-ci il təvəllüdlü erməniəsilli sakini Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə ilə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yunis Quliyev