Xankəndidən ikinci qaçış...

xankendiden-ikinci-qacis
Oxunma sayı: 4620

Xankəndi - Bakı ultra marafonu haqqında eşidən kimi ağlıma ilk bu ifadə gəldi: Xankəndidən ikinci qaçış... 

Bu dəfə mədəniyyət naminə qaçmaq.

Qovanın olmadığı bütün qaçışlar gözəldir.

Bir qərinə əvvəl bizi Xankəndidən qovmuşdular. Biz isə Xankəndidə yaşayan əhaliyə dəfələrlə dedik, “öz dillərində” demədik, ancaq ermənicə dedik:

“Bizim əhali ilə işimiz yoxdur”. 

Bizim Xankəndidə gecələr nəvələrinə nağıl danışanlarla heç bir işimiz yox idi, bizim işimiz nağılı qədim çinarlarımızın altında dünyaya danışanlarla idi.

Biz heç kəsi qovmadıq. Çünki qovulmalılar əlimizdən qaça bilməz. Biz qovmuruq, tuturuq. Əgər kimsə bizdən qaçırsa, nə etməli olduğumuzu atalarımız illər əvvəl deyib, buna uyğun onlarla atalar sözümüz var. Bizə Cavidin “Ana” pyesində Səlma ananın sözü də bəs edər:

“Səlim, burax getsin, qaçan qovulmaz”.

İnsanı tanımaq üçün onunla fərdi söhbət etməyə ehtiyac yoxdur, yaşadığı yerdəki ağacın duruşundan, suyun axışından, quşun ötüşündən, günəbaxanın baxışından da insanları tanımaq olur.

Qondarma nağıl ustaları, saxta andersenlər, dünyaya cəfəng-cəfəng adları tanıtmaq istəyirdiniz, ancaq Qarabağ sizi tanımadı, torpaq yaşmandı sizdən. Çünki siz o torpaqlarda gəzmirdiniz, torpaqları tapdalayırdınız. O qayalıqlar Qarabağ atlarının tövşüyə-tövşüyə çapan müqəddəs ayaqlarının altında torpağa çevrilib, müqəddəs torpaqlar donuz nəfəsi götürmür.

Bu nağıl deyil, and olsun atlara! 

İnsan yurdunu yandırmaz! Bir çox ermənilər çıxdıqları evləri yandırdılar. Yox, demirəm onlar insan deyil, onlar da insandır, ancaq yandırdıqları yer yurdları deyildi. Ona görə yandıra bildilər. Şüuraltı olaraq heç vaxt o torpaqları sevə bilmədilər. Bu səbəbdən həmin torpaqlara toxum yox, mina basdırdılar. 

Onlar elə bilirdi ki, biz elə basdırdıqları minaların arasında hoppana-hoppana qalacağıq. Ancaq bizim üçün qaçmaq, hoppanmaq artıq idman, mədəniyyət hadisəsidir.

Yüzlərlə gəncimiz Xankəndidən Bakıya doğru qaçdı... Qaliblərin nəfəsi hələ təngdi. Necə ki, qalib xalq hələ də qələbəni tövşüyür.

Bir vaxtlar Marafon çölündən Afinaya qaçan qasid müharibədən şəhərə doğru qələbə xəbəri aparırdı, sonralar elə həmin Marafon çölü adından böyük bir idman layihəsinə ad verildi.

Bu gün Azərbaycan özü bir qələbə müjdəli qasid kimi dünyanın ən möhtəşəm marafonuna çıxıb. “Marafon - 42 km” kimi “Azərbaycan – 44 gün” ifadəsi də ən möhtəşəm layihələrə qoyulası addır. 

Marafon, Olimp, Prometey... 

Azərbaycan bu meydanda təkbaşına əfsanələrdən reallığa işıq daşıyır!

Saç!

Özün öz məşəlinsən, odlar yurdum!

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün