XİN rəhbəri Türkiyədə qırğız həmkarı ilə görüşdü - Fotolar

xin-rehberi-turkiyede-qirgiz-hemkari-ile-gorusdu
Oxunma sayı: 877

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkdaşlığın aktual məsələləri, habelə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Nazirlər görüş zamanı ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnuniyyət ifadə edib, vaxtaşırı həyata keçirilən siyasi məsləhətləşmələrin, habelə yüksəksəviyyəli səfərlərin və siyasi dialoqun bu münasibətlər üçün vacibliyini vurğulayıblar.

C.Bayramov, həmçinin çoxtərəfli platformalarda iki ölkənin bir-birinin mövqeyinə verdiyi qarşılıqlı dəstəkdən məmnuniyyət ifadə edib, habelə BMT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb, bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

Nazirlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini müzakirə ediblər. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.