YAP və BMU Müstəqillik Gününə həsr olunmuş sərgi keçirib

yap-ve-bmu-musteqillik-gunune-hesr-olunmus-sergi-kecirib
Oxunma sayı: 1428

Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqillik Gününə həsr olunmuş “Gənc memarların yaradıcılıq sərgisi” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim partiyanın mərkəzi qərargahında təşkil olunan sərgidə millət vəkilləri, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək vurğulayıb ki, bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqın hörmət və ehtiramının ifadə edilməsi xüsusi məna daşıyır. Belə əlamətdar gündə gənc memarların sərgisinin təsadüfən təşkil olunmadığını deyən S. Novruzov sərgidə gənclərin yeniləşən Azərbaycanın gələcəyini necə görmələrini əks etdirən işlərin nümayiş edildiyini deyib. 

BMU-nun rektoru, professor Havar Məmmədov 28 il öncə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni - müstəqil inkişaf dövrünün başlandığını vurğulayıb. Müstəqilliyin ilk illərində yaşanan proseslərə toxunan rektor bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üzləşəndə xalqın tələbi ilə ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra dövlətçiliyimiz xilas olub.

Daha sonra rektor bu kimi sərgilərin təşkilinin gənclər üçün böyük stimul olduğunu vurğulayaraq qeyd edib ki, bu gün ölkədə savadlı, gənc memarlara ehtiyac var. O, əlavə edib ki, sərgidə müəllimlərin və gənc memarların zəhməti nəticəsində əldə olunmuş nailiyyətlərin bir qismi öz əksini tapıb. 

Memarlıq və İnşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov tədbir iştirakçılarını sərgi ilə tanış edib. Bildirilib ki, burada BMU tələbələrinin 40-a yaxın əl işi sərgilənir.