Yaponiya Şahzadəsi sadə vətəndaşa ərə getdi - Fotolar

yaponiya-sahzadesi-sade-vetendasa-ere-getdi
Oxunma sayı: 3913

Yaponiya taxtının varisi Şahzadə Akişinonun qızı və imperator Naruhitonun qardaşı qızı Şahzadə Mako sadə vətəndaşla ailə həyatı qurub.

“Qafqazinfo” “NHK” telekanalına istinadən xəbər verir ki, Şahzadə Mako Beynəlxalq Xristian Universitetində birgə təhsil aldığı tələbə yoldaşı Key Komuro ilə nikah bağlayıb. 

30 yaşlı şahzadə nikah mərasiminə valideynləri və balaca bacısı ilə yaşadığı iqamətgahdan yollanıb. 

Gənclər təntənəli mərasim təşkil etməyib və onların tələbi ilə nikah üçün tələb olunan sənədlər bələdiyyə idarəsinə göndərilib.

Qeyd olunur ki, bu andan etibarən Mako imperator ailəsini tərk etmiş hesab olunur və o, bütün imtiyazlardan imtina edib.

Məlumata görə, o, hazırda Mako Komuro adı daşıyır və Yaponiyanın sadə vətəndaşı hesab olunur.

Cütlüyün nikahdan sonra mətbuat konfransı keçirməsi gözlənilsə də, onlar sadəcə bəyanatla çıxış ediblər və əvvəlcədən seçilmiş beş suala yazılı cavabları jurnalistlərə təqdim ediblər.

Onlar nikahdan sonra Tokioda yaşamağı, daha sonra ABŞ-a yollanmağı planlaşdırır. Belə ki, Key Komuro ABŞ-da işləyir. Şahzadə də, həmçinin iş axtarmağı planlaşdırır.

Qeyd edək ki, Mako və Key Komuro 2012-ci ildən tanışdırlar və 2017-ci ildə nişanlanıblar. Tənqidçilər gənc oğlanı imperator ailəsinin varisi üçün uyğunsuz namizəd hesab edirlər.