Yerevanda hər kəs “Bakıda 20-30 min erməni yaşayır?” soruşurdu...

yerevanda-her-kes-bakida-20-30-min-ermeni-yasayir-sorusurdu
Oxunma sayı: 9571

Xəbər verdiyimiz kimi,  ötən həftə Azərbaycan və Ermənistan KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, işğal altında olan Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Azərbaycandan Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Ermənistandan isə Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerkanyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan və  İctimai televiziyanın əməkdaşı Edqar Elbayan gəlib.

“Qafqazinfo” bu məqamda Elşən Rüstəmovun səfərlə bağlı ilk qeydlərini təqdim edir.

““Həyatımda bir azərbaycanlı ilə də görüşməmişəm”- Yerevanda orta yaşlı qadın bələdçi gülümsəyərək Bakıdan gələn jurnalistlərə əsrlər boyu bu torpaqlarda yaşayan və işləyən əcdadlarımız haqqında heç bir məlumat verilməyən bir şəhərin hekayəsini danışır.

Noyabrın 17-dən 21-dək Azərbaycan jurnalistlərinin Ermənistana və Dağlıq Qarabağa səfəri həm ermənilərlə görüş baxımından, həm də erməni həqiqətləri ilə tanış olmaq baxımından mənim həyatımdakı ən maraqlı və vacib hadisələrdən biri hesab edilə bilər. Belə ki, sonuncu dəfə 18 il əvvəl bu səviyyədə bir səfər təşkil edilib.

Ədalət naminə qeyd etmək lazımdır ki, səfər yüksək səviyyədə təşkil olunmuşdu. Əvvəla, azərbaycanlılar, o cümlədən mənim üçün Yerevanda yerləşən və 1766-cı ildə Hüseynəli xan Qacar tərəfindən inşa edilən Göy Məscidi görmək və orada xalqımın tarixinə dair ən azı bəzi qeydlər tapmaq maraqlı olardı. Təəssüf ki, mən bunu orada tapa bilmədim. Əgər erməni tərəfi həqiqətən də Azərbaycanla barışmaq istəyirsə, ilk növbədə öz vətəndaşlarına həqiqi tarixi təqdim etməlidir.

Məscidin gözətçisi Tehrandan olan İran ermənisi idi, Azərbaycan dilini mükəmməl bilirdi. Bizi görəndə çox təəccübləndi. Onun sözlərinə görə, məscidə adətən iranlı tələbələr və turistlər gəlirlər. Burada həmçinin İran vətəndaşı işləyir, o ermənilərə fars dilini öyrədir. Bakıdan gəldiyimizi biləndə bizə yaxınlaşdı və Göy Məscidlə bağlı kitabça təqdim etdi. Onun bizimlə dini həmrəyliyimizi ifadə edən bu hərəkətini müsbət qiymətləndirdim.

Məscidin ərazisində olduğumuz zaman iranlı bir diplomat oraya gəldi, ancaq bizi apardıqlarından onunla danışmağa müvəffəq ola bilmədik.

Ermənistan çox təzadlı bir ölkədir, burada bölgələr və paytaxt arasındakı fərq güclü hiss olunur, çünki avtomobillə Yerevana gedərkən 80-ci illərdə tikilən, köhnə, rahat olmayan “kürək” evləri görə bilərsiniz.

Dilicana aparan əsas yol boyunca heç bir normal restoran və ya mağaza görmədik. Bəlkə də belələri var, amma bizim  qarşımıza çıxmadı. Yeri gəlmişkən, yolda tikinti işlərinin, asfaltın çəkilməsinin və s. şahidi olduq.

Bizə dedilər ki, Nikol Paşinyanın ölkədəki qısa müddətli rəhbərliyi dövründə sabiq Prezident Serj Sarkisyanın bütün dövrü ilə müqayisədə daha çox əsas yol təmir edilib. Maraqlıdır ki, söhbət etdiyimiz hər kəs Ermənistanda Sarkisyanın özünə, onun ailə üzvlərinə və bütün nəslinə çox nifrət etdiklərini söylədi.

Yerevana çatırıq ...

Şəhərin mərkəzində Şimal prospekti yerləşir, burada yeni binalar görə bilərsiniz. Evlərin örtüyü üçün eyni materialdan- tufdan istifadə edildiyi üçün bütün şəhər eyni rəngdədir. Burada şəhərin ümumi layihəsindən kənara çıxacaq hər hansı bir tikinti qadağandır. Yerevan dağın başında yerləşdiyindən oradakı hava təmiz və sərindir.

Ermənistanda diasporaya bir az heyranlıq var, prinsipcə bunu başa düşmək olar, çünki bizə göstərilən hər şey onlar tərəfindən maliyyələşdirilib. Məsələn, Dilicanda bizə erməni messenant Ruben Vardanyan tərəfindən bir neçə il əvvəl 16-18 yaşlı yeniyetmələr üçün inşa edilmiş “UWC Dilijan” beynəlxalq internat məktəbi göstərildi.

Ziyarət etdiyimiz hər yerdə - müxtəlif qurumlarda, restoranlarda erməni mənşəli fransız şanson ifaçısı Şarl Aznavur və amerikalı aktyor Corc Kluninin şəkillərini görə bilərsiniz.

Digər tərəfdən, paytaxtda və ya bölgələrdə heç bir irimiqyaslı infrastruktur layihəsinin həyata keçirilməsini görmədik, bu da dövlətin maliyyə imkanlarının olmadığını göstərir. İndi Ermənistanda rəsmi məlumatlara inansaq, əsas diqqət İT texnologiyalarının inkişafına yönəldilib, bu sahə ilə məşğul olan şirkətlərin sayı 850-dən çoxdur, proqramçıların sayı isə 20 min nəfərdir.

Şahmatçı Levon Aronyanın bizi olduqca isti qarşıladığı şahmat məktəbi sovet dövründəki təmir, köhnəlmiş xalçalar və 90-cı illərdə bir yerdə son dəfə gördüyüm köhnə televizor ilə yadda qaldı.

Yeri gəlmişkən, hələ də Yerevanda trolleybuslar fəaliyyət göstərir.

İnsanlarla ünsiyyət qurarkən mənfi münasibət hiss etmədim, baxmayaraq ki, bəzən istehza ilə replikalar atırdılar. Onlar da adi yoldan keçənlər deyil, ziyarətimiz öncəsi xəbərdar edilmiş və bəlkə də buna əvvəlcədən hazırlaşanlar idilər.

Yerevanda demək olar ki, hər kəsin verdiyi əsas suallardan biri bu oldu: “Bakıda həqiqətən də 20-30 min erməni yaşayır?!”. Ermənilərin azərbaycanlılarla bağlı çox güclü stereotipləri var, təsəvvür edə bilmirlər ki, bu gün çoxlu sayda erməni Azərbaycanın paytaxtında yaşaya bilər.

Onlardan Ermənistandakı azərbaycanlıların sayı barədə soruşduqda, həqiqətən bu suala cavab verə bilmədilər. Bu məqamda qeyd etmək lazımdır ki, tanış olduğumuz ermənilərin əksəriyyətinin bu və ya digər şəkildə Azərbaycanla əlaqəsi var. Hətta onlar arasında Azərbaycan dilini bilənlər, uşaqlığını Bakıda keçirənlər, babası Gəncədə və ya qohumları sərhəd kəndində yaşayanlar da var idi.

Səfərlə bağlı əsas qənaətə gəldiyim o oldu ki, onlar Azərbaycanla bağlı təhrif edilmiş məlumatlar alırlar və bizə tamamilə inamları yoxdur.  Ancaq eyni zamanda, azərbaycanlılarla birgə sülh şəraitində yaşadığı illəri heç bir problem olmadan xatırlayan ermənilər də var idi.

Yeri gəlmişkən,”Mediamaks” agentliyinin baş redaktoru David Alaverdyanın ekstrasensor qabiliyyətə sahib olduğu ortaya çıxdı. Onun Azərbaycan jurnalistləri adından mediaya guya bizim “Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağına” əmin olduğumuzla bağlı açıqlamasını başqa bir şəkildə şərh edə bilmərəm. 

Lakin Qarabağ nizamlanmasına dair “mətbəxdə” başqa bir mövqenin olub-olmadığının soruşulduğu səfər və orada keçirdiyimiz görüşlərə gəlincə, bu baxımdan təkcə biz yox, hər hansı digər Azərbaycan vətəndaşı Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacağını iddia edə bilər”.