Yevlaxda içməli su təchizatı infrastrukturu yenidən qurulur - Fotolar

yevlaxda-icmeli-su-techizati-infrastrukturu-yeniden-qurulur
Oxunma sayı: 1116

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı əsasında həyata keçirilən Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi sutəmizləyici qurğu və anbar kompleksinin inşasını nəzərdə tutur.

Yevlax şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür çayı seçilib və çayın sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi layihələndirilib. Çaydan götürülən suyun mövcud durulduculara və təmizləyici qurğulara ötürülməsi məqsədilə sugötürücü qurğunun inşası və 5 ədəd nasosun quraşdırılması nəzərdə tutulub.

Emal prosesindən sonra təmiz su ümumi həcmi 2500 kubmetr olan 2 su anbarında toplanacaq. Hazırda anbarların tikintisi yekunlaşmaq üzrədir. Anbarlara toplanan su magistral xətlər vasitəsilə paylayıcı şəbəkəyə ötürüləcək. Təmizləyici qurğuda zərərsizləşdirici, əks-yuma prosesinin aparılması üçün 9 ədəd əks-yuma nasosu, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılacaq.

Layihənin növbəti mərhələsində şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq. Yevlax şəhərində 135 km içməli su şəbəkəsi tikiləcək və abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq.

Tullantı su şəbəkəsinin isə 33 km-lik hissəsinin yenidən qurulması planlaşdırılır. Bununla da şəhərdə mövcud tullantı su şəbəkəsinin uzunluğu 125 km-ə çatdırılacaqdır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan təmizləyici qurğunun tikintisi də layihələndirilib. Qeyd edək ki, hazırda Yevlax şəhərində 1960-1970-ci illərdə tikilmiş içməli və tullantı su şəbəkələri istismar olunur. Mövcud şəbəkələr şəhəri tam əhatə etmir və istismar müddətini başa vurub.