Zəlzələ bəyanatı

zelzele-beyanati
Oxunma sayı: 756

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində ötən müddət ərzində dövlət büdcəsindən 460 milyon manatdan çox vəsait ayrılıb. Amma bu vəsaitlə daşqın bölgəsində bir sıra evlərin, sosial obyektlərin tikilməsinə, kompensasiyaların verilməsinə baxmayaraq görülən işlər ayrılan vəsaitə adekvat deyil. Digər tərəfdən hazırda yüzlərlə insan fəlakətin təsirinə məruz qalmış evinin tikilməməsindən və ya bərpa olunmamasından, ədalətli kompensasiya ala bilməməsindən, aidiyyatı dövlət qurumlarının onlara göstərdiyi ayrı- seçkili münasibətindən şikayətçidir. Hökümət komissiyasının qərarını ədalətsiz hesab edən, məhkəməyə müraciət edən 128 nəfərdən 96 nəfərin iddiası 1 ildən çoxdur ki, məhkəmə çəkişməsindədir, 2 nəfərin işi isə artıq Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

“Kür Araz daşqınları ilə bağlı ən böyük problemlərdən biri bu istiqamətdə ayrılan 460 milyon manat vəsaitin xərclənməsi və görülən işlərlə bağlı aidiyyatı qurumların hələ ki, hansısa yekun, təfsilatlı hesabat verməməsidir. Ən acınacaqlısı isə sonuncu dəfə bu ilin 29 martında dövlət başçısı tərəfindən ayrılan 50 milyon manat vəsaitin taleyinin qeyri- müəyyən olmasıdır. Daşqın bölgəsində görülən işlərlə bağlı FHN- nin rəsmi internet saytına son zamanlar heç bir məlumat yerləşdirilmir. Axırıncı dəfə bu yöndə məlumatlar 9 ay öncə yanvar ayının 01- də yerləşdirilib ki, bu məlumatlar da ümumi məlumatlardır”.

Qərargah bildirib ki, 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş verən zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında da aidiyyatı qurumlar və vəzifəli şəxslər tərəfindən səhlənkarlığa, qanunsuzluqlara, ayrı- seçkiliyə, talançılığa və digər neqativ hallara yol verilir: “Təəssüflə qeyd etmək lazımdır ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalar zamanı məlum olub ki, paytaxt Bakıdan xeyli uzaqda yerləşən, ictimai birliklərin fəaliyyət göstərmədiyi Zaqatala zəlzələ bölgəsində baş verən qanunsuzluqlar Kür daşqınları zamanı yol verilən pozuntulardan daha çox və daha ağırdır. Acınacaqlı haldır ki, zəlzələnin nəticələrinin aradan qaldırılması prosesinə cəlb olunmuş şirkətlər Kür daşqınları zamanı fəlakət bölgəsində fəaliyyət göstərən, FHN rəhbərliyində təmsil olunan şəxslərə yaxınlığı ilə seçilən, qeyri- şəffaf, ictimai rəydə daha çox korrupsiayalaşmış qurumlar kimi tanınan, heç bir tender, müsabiqə keçirilmədən bu prosesə cəlb olunmuş şirkətlərdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, zəlzələ bölgəsində təsirə məruz qalmış insanlar taleyin ümidinə buraxılıb. Havaların soyumasına baxmayaraq hələ də xeyli qisim insan çadırlarda yaşayır və onların qarşıdan gələn qışı çadırlarda keçirməyəcəyinə heç bir təminat yoxdur. Zəlzələ zamanı çadırlara köçürülmüş insanların yemək, ərzaq, isti paltar təminatı normal səviyyədə olmayıb. Vəd verilməsinə baxmayaraq evsiz-eşiksiz qalmış insanlara dövlət tərəfindən ilkin heç bir yardım, kompensasiya verilməyib. Halbuki, zəlzələdən bir müddət sonra dövlət başçısının təşəbbüsü və göstərişi ilə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrıldı ki, təsirə məruz qalmış vətəndaşların bütün problemləri həll olunsun. Təəssüflə qeyd etmək lazımdır ki, zəlzənin fəsadlarının aradan qaldırılması ilə bağlı verilən sərəncam da Nazirlər Kabinetinin 2010- cu il 09 iyul 197 s saylı və digər sərəncamları kimi ictimaiyyətdən gizli saxlanılır. Orda hansı işlərin görüləcəyi və bu işlər üçün hansı həcmdə vəsait ayrıldığı barədə zərəçəkənlərə və ictimaiyyətə hər hansı məlumat verilmir. Qax- Zaqatala bölgəsi kimi yerli insanlar da bu barədə informasiya və məlumat blokadasında saxlanılır.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir daha ictimaiyyətin diqqətini Kür Araz və Qax- Zaqatala bölgəsində mövcud problemlərə yönəldir, aidiyyatı qurumları və höküməti aşağıdakı addımları atmağa çağırır;
1. Kür daşqınları ilə bağlı açıq qalan problemlər həll olunsun, ziyan dəymiş infrastruktur bərpa olunsun, narazı insanların evlərinə yenidən obyektiv baxış keçirilsin;
2. Daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı ayrılmış 460 milyon manat vəsaitin xərclənməsi və görülən işlərlə bağlı təfsilatlı hesabat ictimaiyyətə təqdim edilsin;
3. Qax- Zaqatala bölgəsində baş vermiş zələzənin aradan qaldırılması istiqamətində görülən işlər, işi həyata keçirən şirkətlər, qəbul olunan qərar və sərəncamlar, ayrılan vəsaitlər, vəsaitlərin xərclənmə təyinatı və s. barədə ictimaiyyətə məlumat verilsin;
4. Kür Araz və Qax- Zaqatala bölgəsində mövcud problemlərin araşdırılması, öyrənilməsi istiqamətində müxtəlif QHT- lərin, o cümlədən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyət göstərməsinə, monitorinqlər aparmasına imkan verilsin”.