Ziya Məmmədovun bacısından prezidentə şikayət edildi

ziya-memmedovun-bacisindan-prezidente-sikayet-edildi-
Oxunma sayı: 847


Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun məktəb direktoru vəzifəsində çalışan bacısından prezident İlham Əliyevə şikayət məktubu göndərilib. Bu barədə “Qafqazinfo”ya şikayət məktubunun müəllifi, valideyn Yaqubov Akif Yəhya oğlu məlumat verib. Valideynin sözlərinə görə, Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Bakı şəhəri Nərimanov rayon 66 nömrəli məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir. A.Yaqubov məktəb direktorunun şagirdlərdən yığdığı qeyri-qanuni pullardan artıq cana doyduğunu bildirib: “Həmin məktəbdə üç uşağım təhsil alır. Böyük qızım 10-cu sinifdə oxuyur və əlaçıdır. Buna baxmayaraq, uşağımıza görə hər il məktəbdə olan qeyri-qanuni pul yığımına göz yığmaq məcburiyyətində qalırıq. Halbuki o ödənişlər birbaşa məktəb direktorunun cibinə gedir” .

Valideyn həmçinin bildirib ki, hər il uşaqlardan fond pulu adına 100 manat pul toplanır: “Məktəbdə neçənci sinifdə oxumağından asılı olmayaraq hər şagird ildə 100 manat fond pulu ödəməlidir. Hətta pulu kredit şəklində də ödəmək təklif olunur. Mənim üç uşağım həmin məktəbdə oxuduğundan 300 manatı hissə-hissə ödəmişəm. Bundan başqa, direktorun hər il ad günündə də uşaqlardan pul yığılır”.

Ən maraqlısı isə məktəbin direktoru M.Məmmədovanın yuxarı sinif şagirdlərini həmin məktəbin müəllimlərinin yanına hazırlığa getməyə məcbur etməsidir: “Uşaqları məcbur edirlər ki, məktəb müəllimlərinin yanına hazırlığa getsinlər. Halbuki mən kənarda bunun üçün 50 manat ödəmli olduğum halda məktəb müəllimlərinə 100 manat ödəməli olacam. Uşaqlara qarşı hər zaman aqressiv münasibət bəsləyir, sanki bura onun şəxsi mülkiyyətidir. Dünən qızımı buna görə sinifdə təhqir edib. Əgər uşağımın psixoloji pozuntuları olsa, bu üzdən intihar etmək istəsə Məhbunə xanım öz canını hara tapşıracaq?”

Valideyn A.Yaqubov şikayətinin nəzərə alınması üçün məsələ ilə bağlı prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Təhsil Nazirliyinə müraciət etdiyini və ədalətli qərar gözlədiyini bildirib.

Qeyd edək ki, Məhbubə Məmmədovaya bir neçə il əvvəl “əməkdar müəllim” fəxri adı da verilib.

Səidə