Xarici filmlərdə o qədər görmüşük ki, tibb məntəqəsinə gələn xəstə az qala, bütün həkimlərin pasiyentinə çevrilir. Həkimlər arasında əmək bölgüsü belə olmur, çünki adı üstündə vəziyyətə təcili əncam çəkmək lazımdır. Bəzilərimiz deyirik, kinoda böyüdülür, şişirdilir. Yox, vallah Türkiyədə təcili yardım(acil servis)xəstəxanasında gözümlə görmüşəm. Bekar həkim yoxdur. Kimin baş həkim olduğunu, kimin onun əlaltında işlədiyini, tibb bacısını belə davranışına(geyim fərqindən başqa) görə seçmək olmur. Heç bizimkilərə oxşamayıblar. Çox sadədirlər.
Qadın həkiminin üstündən qır-qızıl tökülmədi, qızıl içində itib-batmadı, onun nə hörməti ola bilər. Təssəvvür edin, Tibb Universitetinin dekanı, qadın bizim xadimədən də zəif geyinir, başına, üzünə sığal çəkmir belə. Az qala dillənəsən ki, hocam, niyə bığını təmizlətdirmirsən. Bunun Avropasında, Amerikasında nüfuzlu klinika həkimləri yalnız qiymətli başı, danışığı ilə gözə girə bilər. Həkim həkimin pulunu hesablaya, kreditlə maşın alması məsələsinə günlərlə baş sındıra, ayın sonunda kimin çox gəlir əldə etməsini müşahidə edə. Onlar üçün yeni texnologiya, yeni tibbi metodlar maraqlıdır. Öyrəndikcə pasiyentin çəkisinə düşürlər, bilik onları şişirtməz. Almaniyanın özündə təcili yardım zamanı həkim iynə vurmaq üçün tibb bacısının gəlməsini gözləməz. Çünki həkim üçün zaman qiymətlidir. Tibb bacısı əvəzinə xəstənin yanına iynə vurmaq həkimi sındırmaz, əyməz.
Bəlkə də dilə gəlib bunları bölüşməzdim. Amma təcili yardım stansiyası yaxınlığında yaşayıram. Tez-tez gözümə girən, düşüncəmi qıdıqlayan mənzəni görməyə bilmirəm. Demirəm, təcili yardımda işləyən həkimlərimiz zəifdi, aktiv deyil. Onlar içərisində bəlkə də reklam olunan həkimlərdən qat-qat biliyə malik tibb işçiləri var. Bizim təcili yardım stansiyamız yenicə yaranan taksi xidməti məntəqələrinə bənzəyir. Çağırış gözləyirlər. Bir qəribə də düşüncə var. Xəstə təcili yardım stansiyasına ayaqla yox, yalnız stansiyanın maşını ilə gedə bilər.
“Təcili yardım”ın həyətində domino oynayan həkimləri, köpüyü yatmış işçilərə bir az da heyfim gəlir. Onların domino oynayan, vaxt öldürən yox, araşdırma aparan (deməyin ki, acqarnına tədqiqat olar) vaxtlarıdır. Bir sözlə, heç vaxt belə stansiyada dinamika görməmişəm. Bunun bir səbəbi də təcili yardım həkimlərinə baxış məsələdir. Yenə deyirəm, dünyanın hər yerində bu profilli həkimlərin vəzifəsi çox yüksək tutulur. Çünki xəstəyə edilən ilk tibbi yardım onun vəziyyətində elə həlledici rol oynayar ki, həmin həkimə dəfələrlə bərəkkəlah deyilər. Bir neçə dəqiqədə həkim xəstənin superməninə çevrilər. Təcili yardım həkimi telefonda oyun oynamaq, selfie çəkdirməyə vaxt tapmaz.
Görəsən, ilk yardım həkimilərimiz niyə belə əzgin, yorğundurlar? Çağırışa gələn həkim və tibb bacısı evə daxil olanda xəstədən çox evin aurasına baxırlar. Tibb bacısının bir əli “smes”də olur. Elə bil o smesi vurmaq qaydadır.
Buna görə də, camaat arasında ilk yardım stansiyası “smes vuran məntəqə” kimi tanınır. Çox şükür indi camaatımız “smes” məsələsini özü həll etdiyindən “təcili yardım”a ehtiyac duymurlar.
Bu arada bir təklifim də var. Yaxşı olardı ki, təcili yardım stansiyaları üçün çağırış müəyyən məbləğ də olsa, pullu xidmətə keçirilərdi. Tutaq ki, bir çağırış 5 manat olardı. Deyim niyə? Ona görə ki, xəstə yiyəsi evə daxil olan andan həkimin cibinə qoyacağı pulu fikirləşir, həkim, tibb bacısı “hörmət”, “benzin pulu” gözləyə-gözləyə dilxor olurlar. Ayaqqabılarını gec geyinirlər, ehtiyac olmasa belə hamamda əl yumaq istəyirlər və sairə. Psixoloji məqamlardır. Ev yiyəsi “hörmət”in məbləği fikriylə xəstəsini də unudur və əlindəki pulu həkim və tibb bacısı arasında bölüşdürməyə çalışır.
Həkimin də, xəstənin də hörmətə çox ehtiyacı var. Bütün mənalarda...