1 manatlıq dönərin “şirinliy”i

1-manatliq-donerin-sirinliyi
Oxunma sayı: 913

Raminə Eyvazqızı

Əhmədli metrostansiyası ağzında yenə bir  uşaq anasına dönər alması üçün o qədər dil tökdü ki... Bir manata satılan dönərin yanında üstəlik ayran və və ya hər hansı içkini də pulsuz verirlər. Alver əla gedir. Devalvasiya tək dönərin qiymətində işini görə bilmədi. Camaatın sağlamlığını düşünən mənim kimisinin "niyə belə ucuz" sualına isə, dönərçilərin "qayğıkeş" cavabı: "ucuz edirik ki, hamı alsın". 

Gözünün içinə qədər yalan danışan dönərçilərin bu yazıq "açıqlaması"na adam, o ki var, gülmək istəyir. Hesablayanda görürsən ki, bir manatlıq dönərin və hədiyyə içkisinin qiyməti ayrılıqda çox edir. Hətta belə çıxır ki, çörəyin arasına qoyulan ətfason nədirsə, o alıcıya pulsuz düşür. Bəli, elə o ətfason "dönər" satıcıya hardasa pulsuz düşür. Bu hesabı tox qarınla edənlərə baxmayın, ac olanların gözünə nə dönərin hazırlanması, nə dönərçinin əlinin təmiz olması görünür. Çünki, bu dönərləri almağa tələsənlərin bircə məqsədi var. Dönəri almaq, yemək də yox, udub, mədənin səsini kəsmək. Acğözlüklə yeyənləri az görməmişik. 

Elə dönər satanlar da yalançı gigiyenik tələblərə cavab olaraq hər gün müfəttişlərin səsini 5-10 manat pulla kəsirlər. O müfəttişlər də, vətəndaşının ömrünü kəsir. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayevin bəyanatları isə həmişəki kimi gülüş doğurur. Deyir ki, dönər təhlükəli qidadır. Amma hər gün həmin dönərxanalardan yığılan "şirinlik"lərin də cəmini gözəl bilir. Pullar dönərlər qədər təhlükəli deyil amma, İmran müəllim. İmran Abdullayevin sözündən belə çıxır ki, istəyirsiz özünüzü asın, kəsin, nə qədər ki, ac mədələr, "1 manatlıq dönər" axtaranlar var, belə dönərxanlara geniş şərait yaradıb faizimizi götürəcəyik. Bizə nə, camaatın yediyi leş, at, eşşək ətindən hazırlanmış dönərin keyfiyyətindən. 

Əslində, İmran müəllim düz deyir, mənşəyi bilinməyən ətdən hazırlanan dönəri alanlar durduqca sözümüzün kəsəri olmayacaq. Amma İmran müəllim, üzərinizdə o dönəri yeyən gənclərin, uşaqların mədəsinin ahı da var. Uşaq tanıyıram ki, 1 manatlıq dönər sözünün cazibəsinə anasının bişirdiyi ev xörəyini dəyişir. Analar da var ki, uşaqların  aclığını həmin dönərlərlə susdurur. Fikir versəz, küçə dönərçilərinin demək olar ki, hamısı gigiyenik əlcəksiz işləyir, bir neçə kvadrat metrlik yerdə su kranı olmadığından dönərçilərin çoxu əlini gündə bir dəfə yuyur ya da heç yumur. Bu gün isti kabinetində oturan İmran müəllim isə, dönərçilərin bəlaya çevrildiyini, onların sanki məğlubedilməzliyini dilə gətirir. 

Sonuncu müsahibəsində toyuq dönərxanaları ilə mübarizədən, toyuq dönərinin daha təhlükəli olduğundan danışır. Güya belə qanunsuz işləyən dönərçiləri yalnız silahla susdurmaq lazımdır. Amma unudur ki, illərdir toyuq dönərinin satışı qadağan olunub. Hətta quş ətindən dönər satanlar 50-100 manat (fiziki şəxs) və ya  100-200 manat cərimə olunmalıdırlar. Vəzifəli şəxslərin isə 200-400 manat cərimələnməsi məsələsi hələ də qaranlıq qalır. Vəzifəli şəxslə toyuq dönəri məsələsini qarşılaşdıranda yenə adamı gülmək tutur. İndi İmran müəllim deyin görək, satışı qadağan olunan toyuq dönərxanalarından hər ay nə qədər pul götürürsüz? Yaxud, açıqürəklə bəyan edin görək, qanunsuz fəaliyyət göstərən neçə toyuq dönəri obyektinin qapısına qıfıl, dönərçisinin cibinə tikiş atmısız? Başını alıb gedən toyuq dönərxanalarının, ətinin mənşəyi bilinməyən ət dönərçilərinin siyahısını  necə aparırsız? Neçə gündür, ölkədə qəfil yoxa çıxan 5000 eşşəklə bağlı müzakirələrə İmran müəllimin də qoşulmasını istəyərdik. Misal üçün, eşşək ətindən olan dönərin dadı necə olur görəsən? 5 yox, 50 yox, 500 də yox, 5000 eşşək ölkə üçün böyük itki deyilmi? Axı eşşək əti heç təhlükəli də deyil. Sadəcə bizi qorxudan "eşşək" məsələsidir, "eşşək dönəri" yazılan yerdən kim dönər alar ki?

Bu arada, eşşəyin statistikasını aparanları alqışlayırıq!