147 süni göl ləğv edildi

147-suni-gol-legv-edildi
Oxunma sayı: 2021

Ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. “Qafqazinfo” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirləri nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilmiş və onlar barəsində məlumat bankı yaradılıb.

Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılıb. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir. 
Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib.