2 manata istirahət... - Fotolar

2-manata-istirahet
Oxunma sayı: 4764

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Təbiətimiz evimizdir " adlı layihəsi çərçivəsində mətbuat nümayəndələri bu dəfə Cənubi Qafqazın ən böyük qorunan ərazisi olan Şahdağ Milli Parkına yollanıb. Qafqazinfo”nun əməkdaşının da iştirak etdiyi turda jurnalistlər ilk olaraq Şabran rayonunda yerləşən Nəzarət Məntəqəsi ilə yaxından tanış olub.

Bildirilib ki, Milli Park 2006-cı ildə yaradılıb və genişləndirilərək hazırda  130 min hektordan çox ərazini əhatə edir. Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının inzibati ərazisində yaradılmış parkda ziyarətçilərə ümumilikdə 49 turist marşrut xətti təklif edilir. 

Milli Parkın xidməti ərazilərinin mürəkkəb coğrafı xüsusiyyətləri nəzərə alınaraq əhatə etdiyi inzibati rayonların hər birində Nəzarət Buraxılış məntəqələri yaradılıb. 

Ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərir. Ərazidə adları "qırmızı kitab"na daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

İstər Milli parklarda, istərsə də qoruqlarda ovçuluq etməyə icazə yoxdur. 

Ərazidə heyvan ovlamaq, bitkiləri qoparmaq, təbii landşafta zərər vermək olmaz. Bundan başqa, vəhşi təbiətdə olan zaman oranın sakinlərini qorxutmamaq üçün bir qədər diqqətli olmaq lazımdır. Odur ki, yüksək səslə danışmaq, musiqiyə qulaq asmaq və ya bu kimi hərəkətlər park ərazilərində qadağandır. Təhlükəsizliyiniz üçün uşaqların əlindən tutulmalı, onların dayanacaq nöqtələrindən uzaqlaşmamağına diqqət etmək lazımdır. Xüsusilə də, marşrutdan kənara çıxmaq, ocaq qalamaq və ya çadır qurmaq olmaz.

2 manata sultanlara layiq istirahət

Bu kiçik xəbərdarlıqları təbiət dostlarının diqqətinə çatdırdıqdan sonra bir az da Milli Parkın bizə verdiyi üstünlüklərdən danışaq.

Milli Parka daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün birgünlük giriş haqqı 2 manat təşkil edir. Yerli və xarici turistlərdən alınan bu məbləğ sonradan təbiətin mühafizəsi üçün sərf olunur.

Bizim marşrut xəttimiz isə Quba bölməsi, Rustov meşəbəyliyi, Xanagah şəlaləsi oldu. Ensiz cığırın çay boyunca apardığı marşrut xətti kənddən uzaqlaşdıqca havanın sərinləşməsi açıq-aydın hiss olunurdu. Təqribən 15-20 dəqiqəlik yoldan sonra dayanacaq məntəqəmizə vardıq. 

Təbiətdə siz özünüzün həm xanı, həm də xidmətkarı olursuz. Bir termos çay, pendir lavaş, bir-iki meyvə tərəvəz də özünüzlə aparsaz, turistlər üçün xüsusi hazırlanmış xalça-palazlı, mütəkkəli xan otağı sizi gözləyir. Damı sıx ağaclıq, mənzərəsi isə dağ çayı olan bu məntəqə qonaqlara ödənişsiz təqdim olunur. Bundan başqa, piknik üçün ərazidə yerlər düzəldilib ki, onlar da ödənişsiz təklif olunur. 

Sıldırım qayalıqdan Xanağah şəlaləsi marşrut xəttinin son dayanacağıdır. Tur rəhbərinin sözlərinə görə, yağışlı günlərdən sonra şəlalənin suyu bol olur.

Son olaraq onu da vurğulayaq ki, yay istirahətini xeyli ucuz və təbiət qoynunda keçirmək istəyənlər üçün Milli Parklarımız əvəzolunmazdır. Ancaq ana təbiətin hər zaman bizə qucaq açmağını istəyiriksə, bir övlad kimi ona sahib çıxmağı da bacarmalıyıq. 

Günel Hacı