3 qardaşın yandırıldığı evdən- - Fotoreportaj

3-qardasin-yandirildigi-evden-
Oxunma sayı: 3811


Sumqayıtda iki gün öncə dəhşətli cinayət hadisəsi baş verib. 23 yaşlı gənc Əsgəralı Abbasov dayıları - Dünyamalı, Yadigar və Ağamalı Mirzəyev qardaşlarını öz evlərində od vuraraq yandırıb.

Fevralın 6-sı gecə radələrində Novxanı bağ massivindəki kirayə yaşadıqları evdə yeyib-içəndən sonra şəxslər arasında mübahisə yarandığı bildirilir. Polisə ifadəsində də təhqir olunduğunu bildirən Ə.Abbasov dayılarının biədəb sözlərinə dözməyərək onları evdə bağlı qoyaraq yandırmışdı. Nəticədə hər 3 qardaş tüstüdən boğularaq keçinmişdi.

Hadisənin təfərrüatlarını öyrənmək üçün Novxanı bağ massivinə yollandıq.

Uzun axtarışlardan sonra nəhayət, hadisə baş vermiş evi tapdıq. Evin giriş darvazası açıq idi. Həyətə daxil olduq. Kiçik həyətdə balaca ev vardı. Yandığı dərhal bəlli olan evin qapısına böyük qıfıl vurulmuşdu. Lakin evin pəncərəsi sındırılmışdı. Buna görə də içərini müşahidə edə bildik. 2 çarpayı, 2 divan, qaz sobası, yemək stol və stulları olan birotaqlı həyət evinin içərisi tamam yanmışdı. Hisdən qaralmış stəkan, çörək, boşqablar hələ də olduğu kimi stolun üzərində dururdu. Fotoları sındırılmış pəncərənin dəmir barmaqlıqları arasından çəkə bildik. Faciənin vaqe olduğu otaq, işgəncə dolu ölüm səhnələrini baxan insanın təxəyyülündə canlandırırdı. Şüşəsi sındırılmış pəncərənin önündə stul vardı. Həmin stul vasitəsilə şüşə sındırılsa da dəmir barmaqlıqlar möhkəm olduğundan qardaşlar çölə çıxa bilməyiblər. Yanğının miqyası, tüstünün çox olması qardaşları ölümün pəncəsindən xilas edə bilməmişdi. Ümidləri üzülmüş qardaşlar bütün evi alt üst etsələr də ölüblər...

Evin ətrafında kimsə olmadığından hadisə barədə danışa biləcək adam yox idi. Ətrafdakı evlərin sahibləri bağ evlərinə adətən yay mövsümündə gəldikləri üçün qonşu evlərin qapılarında qıfıl vardı.

Yol boyu rast gəldiyimiz az sayda adamın hər biri ilə söhbət edərək, az da olsa məlumat əldə etməyə çalışırdıq. 3 qardaşdan hamı Qaranın adını çəkdi. Ancaq rəsmi açıqlamada heç bir qardaşın adı Qara deyil. Lakin yerli sakinlər onlardan birini, fiziki qüsuru olan qardaşı Qara deyə tanıyır. Ümumilikdə qeyd edə bilərik ki, yerli insanlar bu ailə barədə heç də müsbət fikirdə deyillər. Yanmış ev də onların deyil, həmin evdə kirayə qalırmışlar. Evdə Qara, onun anası və Fira kimi tanınan bacısı Nərgiz yaşayırmış. Hadisə baş verən gün qadınlar evdə olmayıb. İnsanlar güman edir ki, televiziyada izlədikləri səbəb doğrudur. Əsgəralı dayılarını məhz söyüş, təhqir üstündə öldürüb.

Bu qədər əzablı ölümü doğma dayılarına rəva bilmiş gənc isə müəmmalı təsir bağışlayır. Yerli sakinlərin sakit təbiətli biri deyə xarakterizə etdikləri Ə.Abbasov fəhlə imiş.

Xeyli soruşdurmadan sonra Ə.Abbasovu şəxsən tanıyan qonşusunun əlaqə telefonunu əldə etdik. Adını bildirməməyimizi xahiş edən gənc Əsgəralı barədə çox səthi danışdı: “Onu 1-2 dəfə işə düzəltmişəm. Fəhlə idi. Dünən məni qəbir qazmaq üçün köməyə çağırdılar, lakin sonra ehtiyac qalmadı. Deyəsən meyitləri ”Nasosnı"ya aparıblar. O qədər də yaxından tanımıram onları. Əsgər sakit oğlan idi. Sumqayıtda ata-anası ilə qalırdı".

Lakin bir məqamı xüsusi vurğulamalıyıq ki, Əsgəralı barəsində məlumat aldığımız hər kəs birmənalı şəkildə onun sakit təbiətli olduğunu bildirirdi. Hətta yolu bizə tərif edən qadın da belə dedi...

Sonda ərazidə taksi fəaliyyəti ilə məşğul olan insanlara yaxınlaşdıq. Onlar yanıb ölən qardaşları yox, amma bacıları Firanı tanıdıqlarını dedilər... Qardaşların burada daimi yaşamadıqlarını, bura iş üçün gəldiklərini söylədilər. Onların sözlərinə görə, qardaşlar Şurabadda yaşayırlarmış:

“Dünən də ANS gəlmişdi. Onları bir zülmlə apardıq. Evi güclə tapdıq. Heç nə, neçə gündür polis burdadır. Biz də bilmirik hadisə niyə baş verib. Siz Allah məhkəməyə filan çağırarlar, lazım deyil. Heç nə bilmirik”.

Sonda qeyd edək ki, hadisə barəsində istintaq hələ davam edir. Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. Musavat.com