43-cü sessiya ilə bağlı növbəti toplantı - Fotolar

43-cu-sessiya-ile-bagli-novbeti-toplanti
Oxunma sayı: 652

İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasına hazırlıqla bağlı növbəti toplantı keçirilib. 

“Qafqazinfo” məlumat üçün bildirir ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir. 

Toplantıda çıxış edən mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayev sessiyaya hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd edib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin artan nüfuzundan xəbər verir.
Nazir çıxışında Azərbaycan-UNESCO münasibətlərinə də toxunub. Bildirib ki, təşkilatla qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətləri var.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Təşkilat komitəsinin sədri vurğulayıb ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur.
Bundan əvvəl keçirilən hazırlıq iclasından sonra, demək olar ki, görüləcək işlərin əksər hissəsi həyata keçirilib: “Biz tədbir günlərində bütün proses və davamiyyəti nəzarətdə saxlamalıyıq. Tədbirin keçiriləcəyi günlərdə bütün qərargahlar işini eyni səviyyədə həyata keçirməlidir. 2400-ə yaxın iştirakçının yerləşdiriləcəyi hotel və məkanlar qərargahlar tərəfindən nəzarətdə saxlanılmalıdır. Tədbir iştirakçıları dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir”.