“Akkord”un jurnalistlər üçün keçirdiyi seminar başladı

akkordun-jurnalistler-ucun-kecirdiyi-seminar-basladi
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, seminarın açılışında iştirak edən “Akkord” Korporasiyasının İdarə Heyətinin üzvü Samir Qasımov treninq proqramına qoşulan media nümayəndələrini Korporasiyanın Baş direktoru Xaqani Quluzadənin adından salamladıqdan sonra tədbirin məqsəd və vəzifələri barədə danışıb. Ölkə mediasında iqtisadi mövzularda yazılan yazılarda peşəkarlıqla bağlı çatışmaqlıqların aradan qaldırılması işinə bu yolla töhfə vermək qərarına gəldiklərini açıqlayan Korporasiya nümayəndəsi bu təşəbbüsün “Akkord”un daim ciddi diqqət ayırdığı sosial yönümlü tədbirlər sırasına daxil olduğunu və davamlı xarakter daşıyacağını vurğulayıb. Bundan sonra natiq treninqdə mühazirəçi qismində iştirak edən Pricewaterhouse Coopers şirkətinin baş meneceri Elçin İbadovu iştirakçılara təqdim edib. Pricewaterhouse Coopers barədə qısa məlumat verərək onun dünyanın audit və konsaltinq xidməti göstərən “Böyük dördlük” şirkətləri sırasına daxil olduğunu bildirən S. Qasımov bu treninqin jurnalistlər üçün faydalı olacağından əminliyini ifadə edib və seminarın işinə uğurlar arzulayıb.

Bundan sonra E. İbadov ümumi mövzusu “Maliyyə və iqtisadiyyat təlimi” olan treninqin saat 9:30-dan 13:30-dək davam edən ilk günü üçün mövzunu açıqlayıb və treninqə start verilib.

Beynəlxalq səviyyəli mühazirəçinin interaktiv rejimdə apardığı məşğələ ilkin ümumi iqtisadi anlayışlarla bağlı qısa söhbətdən sonra proqrama uyğun olaraq mühasibat uçotu nəticəsində yaranan hesabatların növləri (maliyyə hesabatları, vergi hesabatları, idarəetmə hesabatları), maliyyə hesabatlarının məqsədi və istifadəçiləri, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS - IFRS) mövzusuna həsr olunub. Seminar media nümayəndələrinin də aktiv iştirakı ilə maraqlı müzakirələr və diskussiyalar şəraitində davam edib. Qısa kofe-breyk fasiləsindən sonra eyni rejimdə davam edən treninqin ilk günü növbəti gün üçün mövzu və proqram elan edildikdən sonra yekunlaşıb.

Qeyd edək ki, “Akkord” Korporasiyası dekabrın 23-dək 5 gün müddətində davam edəcək.

BMM-in Dəyirmi Zalında daha 4 gün davam edəcək treninqin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar paylanacaq.

Nigar Məmmədli