Atasından “qalan” metroya keşik çəkən qız

atasindan-qalan-metroya-kesik-ceken-qiz
Oxunma sayı: 8111

Nərmin Dadaşova

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lalə Babayeva kənddən  şəhərə gələn vətəndaşları tənqid edib. Deyib, tökülüşüb gəlmisiz kəndinizdən şəhərimizə, metromuzda basabas yaradırsız.  Xanım metronu ona görə özününküləşdirib ki, atası Bakı Metropolitenin sabiq rəis müavini, özü isə  marketinq şöbəsinin rəhbəridir. 

Mövzuya başlamamışdan əvvəl sizə bir söz deyim, dostlar, bu ölkəni, bu ölkənin insanını sevməyən adamdan nə məmur olar, nə də vətəndaş...

Eh, mənim yaza-yaza bitirə bilmədiyim metro sərgüzəştlərim, metro macəralarım, metro müsibətlərim …

Səhər və axşam iş çıxışı onca adamı yara-yara, nəfəsimi sinəmdə həbs edə-edə qış aylarında bir təhər metro istifadəçilərindən biri ola bilirəm, amma üzü yaya döndümü, özümə bunu edə bilmirəm, arxadaş. Özümə havalandırma sistemi olmayan, kefi istəyəndə gecikən, istəməyəndə vaxtında gələn, bununla da müdhiş sıxlığa səbəb olan, iyin-qoxuya, adamın-adama, kişinin-qadına, əlin-ayağa qarışdığı, dünyanın hər yerində ən rahat nəqliyat vasitəsi hesab olunsa da, mənim üçün əsl cəhənnəm əzabı olan metro vaqonlarında əzab çəkməyi rəva görmürəm.   

Camaat tikəsini-tikə üstə qoyub torpaq alır, ev tikir, mən gözümün nurunu qoyub qazandığım gözəl-göyçək manatlarımı əsəbi-əsəbi taksi sürücülərinin köhnə-külüş maşınlarına xərcləyirəm. Əlim də qələm tutandan aidiyyatı qurumlardan bu işə - ictimai nəqliyyat müsibətinə bir çarə qılmaqlarını istəyirəm.  Budur, aidiyyatı qurumun, aidiyyatı xanımı Lalə Babayeva məsələni nəhayət ki, bu gün çözdü. Dedi, siz özünüzsüz elə basabas yaradan, “pis fakirlər”.

Hər dəfə mətbuatda kəndli-şəhərli söhbəti düşəndə özümün əyalətdən gəldiyim vaxtları xatırlayıram. Necə həsədlə baxırdım şəhərdə yaşayan, burda doğulub böyüyən uşaqlara. İndi isə  illər sonra, şəhərin göbəyində gözünü dünyaya açmış qızlarıma baxanda, onları təbiətdən, torpaqdan, təmiz havadan bu qədər uzaq böyütdüyümə görə xəcalət çəkirəm. Torpağa toxunsunlar, palçıqla oynasınlar, bir quzunun başını sığallasınlar, ağacdan meyvə dərib yesinlər, ucsuz-bucaqsız sahədə qaçdıqca qaçsınlar deyə əlimə düşən hər fürsətdə  yolu-yola calayıram, ən uzaq rayonun ən ucqar kəndinə gedirəm. İnsanın beyninin bir küncündə əyalət xatirələri olmayanda belə olur, oxucu dost, eynən  Lalə xanım kimi. Qırıcı, kobud, ruhsuz və kasad…

Yeməyə kənd yumurtası, kənd qatığı, kənd toyuğu, evlənəndə kənd qızı axtaran xalqın nümayəndəsi niyə kənd sakinlərini bəyənmir, təhqir edir anlamıram.Bir də heç kimin dana bilmədiyi bir həqiqət də var, tanıdığım ən yaxşı həkimlər, ən yaxşı müəllilər, ən yaxşı mütəfəkkirlər, ən yaxşı ustalar, bənnalar  məhz elə sizin bəyənmədiyiniz əyalətlərdən çıxıb, xanım qız. Beləcə ayaqlarının tozunu “sizin” metronuza tökə-tökə  xilaskarımıza, ən yaxın köməkçimizə çevriliblər, ancaq indiyə qədər hardasa bunu başımıza vurduqlarını, şəhərliləri aşağıladıqlarını görməmişəm. Yuxarıda dediyim məsələdir, əsas harda doğulub böyümək deyil, əsas mahiyyətdir, oxucu dost, mahiyyət…