ATƏT-in təklifi pislənildi

atet-in-teklifi-pislenildi
Oxunma sayı: 647

Toplantıda ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədri İrlandiyanın xarici işlər naziri İmon Gilmorun BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı ATƏT ərazisində olan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin uzunmüddətli həllində İrlandiya modelinin tətbiq edilməsi təşəbbüsü müzakirə olunub.

Müzakirələrdə qeyd edilib ki, Şimali İrlandiya İrlandiya dövlətinin ərazisidir, İngiltərə isə özünün suverenliyini o ərazidə saxlayır və həmin ərazinin İrlandiyaya birləşməsinin əleyhinə çıxır. Bu konteksdən Qarabağ probleminə yanaşsaq onda belə çıxır ki, Qarabağ Ermənistan ərazisidir amma Azərbaycan onu nəzarəti altında saxlayır. Bu baxımdan ATƏT sədrinin bu təşəbbüsü qətiyyətlə pislənilib və onun bu mövqeyi Dağlıq Qarabağ problemini yaxından bilməməsi ilə əlaqələndirilib. Eyni zamanda bir daha qeyd edilib ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunduğundan beynəlxalq hüquq normalarına görə işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və işğalçı tərəf olan Ermənistanın isə işğalın nəticələrindən bəhrələnməsinə yol verilməməlidir.

İdarə Heyətində Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun ötən həftə ABŞ-a səfəri zamanı bütün dünyada, o cümlədən təmsil etdiyi regionda demokratiyanın təhlükəsizlik kimi maraqlara qurban verilməməsi və demokratiyanın prinsipial olaraq dəstəklənməsi ilə bağlı ABŞ-a və beynəlxalq aləmə ünvanlanan çağırışını təqdir edilmiş və qlobal iqtisadi böhranın təsiri altında inqilabi proseslərdən qaçmaq uçun beynəlxalq ictimaiyyətin demokratik proseslərə yardımçı olmasının vacibliyi bir daha qeyd edilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səfəri də İdarə Heyətinin müzakirə etdiyi məsələlər sırasında yer alıb. İdarə Heyəti iki ölkə arasında hərbi əməkdaşlığa xidmət edən bu səfəri yüksək qiymətləndirib və Türkiyə-Azərbaycan strateji əməkdaşlığının yeni müstəviyə çıxarılmasının vacibliyini qeyd edib.

İdarə Heyəti ötən həftə Fransa parlamentarilərinin Azərbaycana səfəri və bu səfər zamanı gec də olsa, ölkə başçısının və onun xanımının Fransa senatında “erməni soyqırımı”nı inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanunun qəbul olunmasına etiraz əlaməti ilə bağlı açıq mövqe ortaya qoymasını təqdir etmiş və eyni zamanda Azərbaycan hökumətini davamlı olaraq bu istiqamətdə bütün vasitə və imkanlardan istifadə etməyə çağırıb.

İdarə Heyətində orduda əsgərlər arasında son vaxtlar baş verən ölüm hadisələri də müzakirə olunmuş bu hadisələrdən dolayı narahatçılıq ifadə edilmiş və gənclərin əsgərliyə göndərilməsi və əsgərlikdə olduqları zaman onlar üzərində ciddi tibbi nəzarətin yaradılmasının vacibliyi qeyd edilib.

İdarə Heyəti ADP sədrinin ümumi məsələlər üzrə müavini Zakir Hüseynovun son günlər yaşadığı ərazidə qarlı hava şəraiti ilə bağlı yaranmış sosial problemlər, o cümlədən elektrik enerjisinin verilməməsi ilə bağlı insanların etirazını təşkil etdiyinə görə naməlum şəxslər tərəfindən anonim zənglərlə təhdid edilməsini qətiyyətlə pisləyib və bu barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət edilməsi qərara alınıb.