Aygününü unudub, Bəyləri ilə çıxış edirdi...

aygununu-unudub-beyleri-ile-cixis-edirdi
Oxunma sayı: 6068

Nərmin Dadaşova

Bayram  ərəfəsində  bu nə aqressiyadır, yığmışıq canımıza, xanımlar? Neçə gündür fikir verirəm, şou aləmindən tutmuş, evdar  xanımlara qədər məşhur reklamda deyildiyi kimi “hər kəsə bir hallər oluyor”. O günlərdə Röya Ayxan “Altın kələbək”adlı  ödül aldı. Ödül oldu yalan, digər namizəd Nigar Camalla Röyanın  bazar söhbətləri oldu gerçək. O dedi, bu dedi, bu dedi o dedi... 

Röyanın saç ustasını danışdırdılar, Nigarın itindən intervü aldılar, o birinin sürücüsü danışdı, bu birinin prodüsseri düşdü ortaya. Qiyamət qopdu. Xanımlardan hansı ağzını açdı od püskürdü. Bu qırğın -qiyamətdən bir -iki gün sonra metroda o müdhiş basabasda, saçlarımı qısa görüb arxadan bir yaşlı xanım mənə “qaqam, bir az qabağa get” -dedi. Xalanın qaqası olmadığıma görə reaksiya vermədim. İlahi, necə əsəbiləşdi. İndiki gənclərsbsjnısknnnsnf... dedi. Çönüb  baxmağımla səsinin  rəngi dəyişdi, nə gözəl qızsanmış, niyə özünü bu günə qoymusan, hanı sənin saçın-başın? –deyib  məni danlamağa davam elədi. Narahat olma, nənəcan, kökü məndədi, yenə uzanacaq” təsəllisi ilə güclə sakitləşdirdim xanımı. Sonra Şahdağ istirahət mərkəzində başqa bir xanım növbədə çox gözlədiyi üçün əsəblərini cilovlaya bilməyib ömrümdə eşitmədiyim bir səs tonu ilə əllərini qabağa uzadıb, gözlərini bağlayıb qışqırırdı. Həmən videoya baxmamısınızsa, baxın lütfən, ömrünüz, ən azı, yarım il uzanacaq, zəmanət verirəm. Çox yox, onca dənə bu potensialda qadın olsaydı  bir dənə də olsun qadın sığınacağına, qadın haqları müdafiəçisinə lüzum qalmazdı gözəlim məmləkətdə. Səsi ilə döyürdü mühafizəçi kişiləri kanat üçün, gör  barmağının ucu ilə toxunsan nələr edər?  

Dünən də bəndənizin, balacaca bir hadisədən dolayı əsəbləri  korlanmışdı. İçimdən  nəhəng  bir ifritə bayıra fırladı,  birdən özümə gəldim, nə olub, vətəndaş dedim özümə, sakit ol. Bu aqressiya bumunun bugünkü davamçısı isə Aygün Bəylər oldu.  Bu səhər, Elgiz Əkbərin “Səhər-səhər” adlı proqramına qonaq olmuş Aygün xanım, sənət dostu Xumar Qədimova demiş, “bir az hallı, bir az da qalmaqallı” gəlmişdi verilişə. Əvvəlcə neçə vaxtdı mətbuatı başına götürmüş evlilik xəbərinin yalan olduğunu, özündən uydurduğunu və əcəb etdiyini özünəməxsus şəkildə seyircilərə çatdırdı. Sonra da, Elgiz Əkbərin Röyaya sənətkar deməyi ilə, xanım müğənnin cuşə gəlməsi bir oldu. Dedi, öldürərəm sizi, sənətkar mənəm. Pomada vurmadan, saç daramadan, oğlan papağı taxa-taxa məşhurlaşmışam. Mən ola-ola, Elgiz, sən kimsən axı, Röyaya sənəkar deyirsən. Xanım müğənni, danışa-danışa əlini-qolunu ölçür, aparıcıya sən deyə müraciət edir, jarqonlar, uyğunsuz mimikalarla fikirlərini ifadə edir, bir sözlə, adının Aygününü unudub , Bəyləri ilə  çıxış edirdi. Şəxsən mən, Zakirə Allahverdiyavanın sözlərinə yazılmış “Tut ağacı” mahnısı ilə sevdiyim Aygün bəyləri ilk dəfə bu gün belə yaxından gördüm, mahiyyətinin sənətini necə geridə qoyduğuna şahid oldum. 

Hamımızın ucundan-qulağından bir balaca istedadımız var. Birimiz şəkil çəkirik, birimiz oxuyur, birimiz yazır, birimiz bəstələyirik. Bəs bu bizə haqq qazandırırmı minlərlə seyircinin, yüzlərlə oxucunun, diləyicinin qarşısına belə “qaqaş” ədaları ilə gələk? Onları ələ salaq, aşağılayaq.  Qonşu ölkə Türkiyənin tv kanallarına göz gəzdirin arada. Allahın evlənmə proqramına gəlmiş, 18-19 yaşlı uşaqların nitqinə, özünü ifadəsinə qulaq asın.  Mahnınızı oxuyun, amma arada açın üç-beş kitab da vərəqləyin, söz ehtiyatınız artsın,  dünya estradası ilə maralanın, səhnə mədəniyyətinizi inkişaf etdirin. Ya özünüz özünüzə əlac qılın, ya da televiziyalar  danışıq səviyyəsi, özünü aparmaq bacarığı olmayanları efirə buraxıb evlərimizə soxmasınlar.  Mən sizi, Aygün xanım, bir mahnı, bir klipinizdən bəyənmişdim, məsələn. Bu gün isə davranışınız və danışığınızla məni bir dinləyici kimi məyus etdiniz.  Ümumiyyətlə, əgər bunu bacarmırsınızsa, məcbur qalmadıqca danışmamağa çalışın. Sizin ayıbınızı elə sintezator örtür....