Azərbaycan BMT-yə müraciət etdi

azerbaycan-bmt-ye-muraciet-etdi
Oxunma sayı: 638

“May ayının 9-da Ermənistan rəhbərliyi Azərbaycanın işğal altında olan Xankəndi şəhərində hərbi parad keçirərək, növbəti təxribat xarakterli aksiyaya başlayıb.

Əsas diqqət çəkən məqam bu paradda Ermənistan Prezidenti Serj Sərkisyanın iştirakıdır”. “Trend”in məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin qurumun baş katibi Pan Gi Muna ünvanladığı məktubda deyilir. Məktubda qeyd edilir ki, erməni rəsmi mənbələrinin məlumatına əsasən, parad II Dünya müharibəsinin 67-ci ildönümü və müharibəyə qədər əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edən, Dağlıq Qarabağda Azərbaycanın tarixi və mədəni mərkəzi olan Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının 20-ci ildönümü münasibətilə keçirilib. Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və hərbi paradda iştirakı, həmçinin parad zamanı ən müasir silah nümunələrinin nümayiş olunması Ermənistanın fəaliyyətinin Azərbaycan torpaqlarını işğalından başqa heç bir mahiyyət daşımadığını göstərir.
“Həqiqətən də özündə əsaslı sübutların siyahısını tamamlayan bu paradın keçirilməsi Ermənistanın Azərbaycana qarşı birbaşa hərbi təcavüzünə sübutdur. Əgər bu belə deyilsə, o zaman Ermənistan rəhbərliyi izah etməlidir ki, nümayiş olunan silahlar Azərbaycanın işğal olunmuş ərazilərində nə gəzir?”, - daimi nümayəndə qeyd edib.
Məktubda bildirilir ki, Azərbaycan Ermənistanın bu hərbi jestinə və onun rəhbərliyinin məsuliyyətsiz ritorikasına ən qəti etirazını bəyan edir. Azərbaycanın işğal olunmuş ərazilərində hərbi paradın keçirilməsi kimi təxribat xarakterli fəaliyyət Ermənistanın qəbul etdiyi beynəlxalq öhdəliklər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə ziddiyyət təşkil edir. “Bütün bu göstərilənlər bir daha sübut edir ki, Ermənistanın yürütdüyü siyasət beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır və ümumilikdə BMT və beynəlxalq birlik tərəfindən fasiləsiz diqqət və reaksiya tələb edir”, - məktubda deyilir.