Azərbaycan Ordusunun itkiləri açıqlandı

azerbaycan-ordusunun-itkileri-aciqlandi
Oxunma sayı: 644

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 43 nəfər təşkil edib.

Bu barədə “Qafqazinfo”ya “Doktrina” JHAM direktoru Cəsur Sümərinli deyib. O qeyd etdi ki, ötən müddətdə 59 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 35-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

5 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma), 8 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 4 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib. Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (59 nəfər) C.Sümərinli bildirdi ki, onların 9-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 4-ü intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 31-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 36 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.