Azərbaycan xaricə 1.5 milyardlıq mal satıb

azerbaycan-xarice-15-milyardliq-mal-satib
Oxunma sayı: 924

2018-ci ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən idxal olunub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2231,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1543,0 milyon dollar, idxalın dəyəri 688,6 milyon dollar təşkil edib, nəticədə 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar  ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artıb, real ifadədə isə 1,9 faiz azalıb.

Məlumata əsasən ixracın 27,0 faizini İtaliyaya, 13,1 faizini İsrailə, 8,0 faizini Avstriyaya, 7,9 faizini Çexiyaya, 6,7 faizini ABŞ-a, 6,5 faizini Kanadaya, 6,4 faizini İndoneziyaya, 4,5 faizini Almaniyaya, 3,8 faizini Gürcüstana,  3,7 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Türkiyəyə, 1,7 faizini İsveçrəyə, qalan  3,7  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 12,9 faizi Türkiyə, 9,5 faizi Çin, 8,1 faizi Belarus, 7,3 faizi Almaniya, 4,1 faizi Ukrayna, 3,9 faizi ABŞ, 3,3 faizi İran, 2,9 faizi Türkmənistan, 2,6 faizi İtaliya, 2,4 faizi Koreya, hər biri 2,3 faiz olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.