Azərbaycanda köhnə maşınların qiyməti qalxdı

azerbaycanda-kohne-masinlarin-qiymeti-qalxdi
Oxunma sayı: 4911


Avtomobil salonları, maşın satışı ilə məşğul olan sahibkarlar hələlik çıxış yolu tapa bilmirlər. Nəticədə köhnə maşınların qiyməti qalxır, müştəri qıtlığı yaranır. “Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşı bazar günü Badamdar qəsəbəsində yerləşən Avtomobillərin Satış Mərkəzində olub, oradakı son vəziyyəti öyrənməyə çalışıb. 

“Dövlət vəziyyətdən çıxış yolunu axtarmır”

Bazarda olarkən bir neçə məşhur avtomobil markasının salonuna baş çəkdik. Çin istehsalı olan “Cherry”, “Ssang Yong”, “Mgrande” kimi avtomoibillərin satışı ilə məşğul olan “333 Avto”dan öyrəndik ki, onlar maşınları bankların qoyduğu 50 faiz ilkin ödəniş sistemi ilə satılar. Satış meneceri Vüsalın sözlərinə görə, bir müddət öncə avtomobil bazarının dirçəldilməsi məqsədi ilə atılan addımlar bir nəticə verməyib: “Onlardan ən sərfəlisi salondaxili kredit və lizinq idi. Biz bir müddət salondaxili kreditlə maşın satdıq. Müştərilərin əksəriyyəti aylıq kredit haqqını gecikdirdiyindən qərara aldıq ki, bu sistemi ləğv edək. Hazırda 3 bankla lizinq və kredit şərtləri ilə əməkdaşlıq edirik. Bu ilin yanvarından etibarən maşın bazarında alver demək olar ki ölüb. Nədənsə, hələ də dövlət bu böhranlı vəziyyətdən çıxış yolunu axtarmır. Deyəsən, heç buna maraqlı da deyillər”.

“Rusiya maşınlarının satışı canlanır”

Bazarda olarkən satıcılardan öyrəndik ki, Rusiya istehsalı avtomobillərin satışı yenidən canlanıb. Satıcı Camalın sözlərinə görə, “Priora”, “VAZ 21015", ”Niva" kimi  maşınlara tələbat artıb. Bunun səbəbini satıcı İslam bu cür  əsaslandırdı: “Benzinin qiyməti qalxan gündən satış nisbətən canlanıb. Rusiya istehsalı olan yeni maşınlar ekonom sinfə aiddir. Məsələn, 1.6 litrlik ”Priora" 100 kilometrə şəhərdaxili 9-10, magistralda isə 7-8 litr benzin sərf edir. Maşınları həm bank yolu, həm də salondaxili kredit şərtləri ilə satırıq".

Satıcı ilə söhbət əsnasına öyrəndik ki, bazar rəhbərliyi yerhaqlarını 300-1000 manat arası qaldırıb: “Nizami rayonunda ehtiyat hissələrinin satıldığı bazarda bu yaxınlarda yer haqları qaldırıldı. 5-6 gün sonra burada da qiymətlər səbəbsiz və qəfil qaldırıldı. Əvvəllər aylıq 1000 manat verdiyimiz yerə indi bizdən 1500 manat alırlar. Bəzən elə olur ki, 4-5 ay bircə maşın da sata bilmirik. Onda yer haqqını da ödəyə bilmirik”.

Bazar günü olduğundan öz maşınını bazara gətirib satmaq istəyənlər kifayət qədər idi. Maşını satmaq məqsədi ilə bazara gətirənlərdən  15 manat yığılır. Satıcılardan onu da öyrəndik ki, bazar günü işbazlar burada maşın saxlamağın qiymətini 20-30 manata kimi qaldırırlar. Onlar bunun səbəbini həftə sonu bazara maşın gətirənlərin həddindən çox olması ilə izah edirlər. Maşınını satmaq üçün bazara gətirən paytaxt sakini giriş pulunun baha olmasından şikayətləndi: “Bazar günü günorta saat 12-yə kimi burada oluruq. 4-5 saat üçün hər maşından 20-30 manat alırlar. 1999-cu il buraxılışlı ”Mercedes Benz" markalı avtomobilimi 11 min dollara satışa çıxarmışam. Bayaqdan gələn müştərilər maşına baxmaqla kifayətlənirlər. Hələlik real alıcı yoxdur. Olmasa, maşının şəkillərini çəkib, elan saytlarına yerləşdirəcəm".

Bazardakı qiymətlər

Bazarda müşahidə aparıb müxtəlif markalı maşınların qiyməti ilə  də maraqlandıq. Bazarda “Mercedes” (C 240) 2002-ci il - 17500 $, “Volkswagen (Touareg) 2004-cü il - 26000 $, ”Fiat (Albea) 2006-cı il - 7600 $, “Mercedes” (E 500) 2002-ci il - 25000 $, “Mercedes (E 240) 2000-ci il - 18900 $, ”Crysler" (300 C) 2005-ci il - 25000 $, “Opel” (Astra) 1999-cı il - 9200 $ başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu ilk üç ayı ərzində Azərbaycana xaricdən 14 091 avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bunlardan 209-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 12 856-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 894-ü yük avtomobilləri, 132-si xüsusi təyinatlı avtomobillərdir.