Azərbaycanda Mərakeş çəyirtkəsinə qarşı mübarizə

azerbaycanda-merakes-ceyirtkesine-qarsi-mubarize
Oxunma sayı: 1483

Azərbaycanın qərb bölgəsində, Ceyrançöl Dövlət Fond torpaqlarının qış otlaqları ərazisinin Ağstafa və Tovuz rayonlarına aid hissəsinə Gürcüstanın Siqnaqi və Georgiya yaşayış məntəqələri ərazisindən sürü halında yaşayan Mərakeş çəyirtkələrinin kütləvi miqrasiyası müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Gürcüstanın Kənd Təsərrüfatı və Təbiəti Mühafizə Nazirliyinin Milli Ərzaq Agentliyinin Bitki mühafizəsi departamentinə Mərakeş çəyirtkələrinin miqrasiya etməsi ilə bağlı məlumat verib. Eyni zamanda, sərhədyanı ərazilərdə təcili mübarizə tədbirlərinin aparılmasının vacibliyini Gürcüstan tərəfinin diqqətinə çatdırıb.

Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Tovuz və Samux rayonlarının Bitki Mühafizəsi Mərkəzlərinin mobil bitki mühafizəsi dəstələri dərhal əraziyə cəlb olunub və bütün texniki vasitələrdən və çiləyici aqreqatlardan istifadə edərək zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinə başlayıblar.

Mobil bitki mühafizəsi dəstələri tərəfindən 950 hektar sahədə mübarizə tədbirləri aparılıb, Mərakeş çəyirtkələrinin geniş ərazilərə yayılmasının və əkin sahələrinə keçməsinin qarşısı alınıb.

Mübarizə tədbirləri hazırda davam etdirilir.