Azərbaycanda telefon monopoliyası…

azerbaycanda-telefon-monopoliyasi
Oxunma sayı: 3046



“Qafqazinfo” xəbər verir ki, Milli.Az bu vəziyyəti araşdırıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, telefon bazarında qiymətlərdəki "qəribəlik", əslində, qeyri-sağlam rəqabətin göstəricisidir. Çünki telefon monopoliyası var və qiymətlərin eyni olması da bundan xəbər verir. Ölkəyə telefon gətirən distribüterlər bir və ya iki nəfərdir. Bu hal hətta telefon satanların özlərinə də problem yaradır. Həmin telefon monopolistləri keyfiyyətsiz telefon gətirirlər, hətta onların servis xidmətləri də keyfiyyətli deyil.

Birlik sədrinin sözlərinə görə, belə halların qarşısını almaq üçün hökümətin anti-inhisar siyasəti effektli olmalıdır: "Artıq 6 ildir ölkədə anti-inhisar məcəlləsi qəbul olunmur. Qanun qəbul olunmalı və tətbiq olunmalıdır. Bu işə nəzarət edən dövlət orqanları da vəziyyəti dəyişməlidir. Dünyanın bir sıra ölkələrində bir şəhərdən digərinə gedəndə benzin qiyməti fərqli görmüşəm. Amma bizdə belə hala rast gəlmək qeyri-mümkündür".

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, müqayisə aparmaq üçün hər hansı əmtəənin buraxılma ili, hansı ölkədə istehsal olunması, eyni parametrlərə, marka və modelə aid olması vacib amildir. Nazirlik rəsmisinin sözlərinə görə, ümumilikdə isə telefon bazarı sərbəstdir. Fiziki və hüquqi şəxslər tərəfindən telefon bazarına müxtəiif telefonlar fərqli qiymətə istehlakçılara təklif olunur. Ancaq telefonların eyni qiymətə satılması və ucuzlaşması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində hər hansı məlumat yoxdur.