“Azərsilah”dan sonra nə dəyişəcək?

azersilahdan-sonra-ne-deyisecek
Oxunma sayı: 3971

“Müdafiə Sənayesi Nazirliyi yarandığı dövr üçün sözsüz ki lazımlı idi. Üstündən bir müddət keçəndən sonra ölkə rəhbərliyi hesab edir ki, idarəetməni təkmilləşdirmək üçün zamanın tələbinə uyğun addımlar atılmalıdır. Mən də bu  cür addımların qəti tərəfdarıyam”.

Bunu “Qafqazinfo”ya açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməsinə münasibət bildirərkən deyib. 

Ekspert hesab edir ki, “Azərsilah” konkret olaraq Azərbaycanın  silah sənayesi ilə məşğul olacaq: “Çünki Müdafiə Sənayesi Nazirliyi təkcə mövcud hərbi təyinatlı qurum deyildi. Bu qurum mülki xarakterli məhsullar da istehsal edirdi. 1200-dən artıq məhsulu var idi. İndi həmin məhsulları Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə istehsal da etmək olar.

Müdafiə Sənayesi Nazirliyinin ləğvini “vəzifələrinin öhdəsindən gəlmədilər” kimi məqamlarda da axtarmaq lazım deyil.  Nazirlik Azərbaycan iqtisadiyyatında böyük uğurlara imza atıb. O cümlədən yeni yaranan “Azərsilah” adlı qurum da bundan sonra silah-sursat istehsalı ilə məşğul olacaq və Azərbaycanı dünyada keçirilən hərbi sərgilərdə təmsil edəcək. Bundan əlavə, məhsulların dünya bazarına çıxarmaq üçün əlavə imkanlar əldə edəcək”. 

Onun sözlərinə görə, nazirliyin ləğv prosesi ilə bağlı xüsusi komissiya yaradılacaq: “Həmin komissiya hansı təşkilatın hara daxil edilməsi və ya ixtisar edilməsi məsələsini müzakirə edəcək. Sözsüz ki ixtisarlar aparılacaq, amma optimallaşma olacaq. Əgər 100 nəfər çalışırdısa, onun yarısı qalacaq. Bütövlükdə bu qədər insanı da işsiz saxlamayacaqlar. Çünki bu sahə üzrə kifayət qədər mütəxəssislər var. Onlar silah sənayesində bilik və bacarıqlarını tətbiq edəcək və Azərbaycan üçün faydalı işlər görə biləcəklər. Müəyyən insanların çətinlikləri olacaq, ancaq onlar da başa düşməlidirlər ki, XXI əsr texnologiyalar əsridir və onun tələblərinə uyğun işlər qurulmalıdır. Dövlət də istəyir ki, onun işləri daha sürətli və çevik getsin”. 

Ü. Cəfərov həmçinin əlavə edib ki, Azərbaycanda bir-birini təkrarlayan xeyli dövlət və hökumət strukturları hələ də var: “Bunların da hamısı dövlət büdcəsinə ağır yükdür. Hesab edirəm ki, bu optimallaşdırılma davam etdirilməlidir. Bəzi qurumlar və onların işçiləri var ki, səhər işə gəlirlər və nə vaxt məvacib alacaqlarını gözləyirlər. Elə bundan sonra ilk növbədə Milli Elmlər Akademiyasının ləğvindən başlamaq lazımdır.  Onun tərkibində çoxlu lazımsız institutlar var. O vaxt Sovetlərə belə institutlar lazım idi.  Çünki çox böyük bir məkanı əhatə edirdi. Məsələn, ləğv olunan Prezident yanında Strateji Araşdırımalar Mərkəzi Azərbaycan siyasətinin və iqtisadiyyatının görən gözü, eşidən qulağı olmalı idi. Orada kifayət qədər savadlı insanlar var idi. Amma bütövlükdə onların ortaya qoyduğu nəticə yox idi. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, XXI əsrin tələbələrinə uyğun addımlar atılmalıdır”.

 Günel Türksoy