AzMİU-nun tələbəsi “Böyük İdeya” yarışmasında ölkə çempionu oldu

azmiu-nun-telebesi-boyuk-ideya-yarismasinda-olke-cempionu-oldu
Oxunma sayı: 1410

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Sevən Məhəmmədpur British Council-ın “Creative Spark” layihəsi çərçivəsində həyata keçirdiyi “Böyük İdeya” startap yarışmasının Azərbaycan üzrə çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan üzrə ölkə çempionu olan AzMİU-nun tələbəsi Böyük Britaniyaya səfər və 3000 ingilis funt sterlinqi məbləğində pul mükafatı qazanıb.

Yarışmada həmçinin, AzMİU-nu texnologiya kateqoriyasında  təmsil edən universitetin Tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Solmaz Fətullayeva və Memarlıq fakültəsinin dizayn ixtisası üzrə magistr tələbəsi Cavid Bağırzadə kateqoriya çempionları olublar. Onu da qeyd edək ki, yerlərin müəyyənləşdirilməsi British Council-ın Böyük Britaniyadakı mütəxəssisləri tərəfindən həyata keçirilib.

Yarışmada iştirak etmək və öz ideyalarını təqdim etmək üçün tələbələr AzMİU-nun İnnovativ Biznes İnkubatoru mərkəzində davamlı çalışıb və onlara hər cür dəstək verilib. Bu müddətdə  AzMİU-nun Creative Spark üzrə Böyük Britaniya partnyoru London South Bank Universitetinin mütəxəssisi də ideyalarının təkmilləşdirilməsi və yarışmada yüksək performans göstərmələri istiqamətində tələblərlə aktiv işləyib.

Məlumat üçün bildirək ki, “Böyük İdeya” yarışması hər ölkə üzrə 9 komanda olmaqla 7 ölkədə (Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan) keçirilib. Gənclərin startap ideyaları 3 kateqoriyada - kreativ, texnologiya, sosial  sahələr üzrə müəyyənləşdirilib, onların arasından müvafiq olaraq kateqoriya çempionu, səsvermə çempionu və ölkə çempionu seçilib.