Bakıda bəzi yollar bağlı olacaq - Diqqət

bakida-bezi-yollar-bagli-olacaq-diqqet
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə əlaqədar paytaxtımıza gələn qonaqların təhlükəsizliyin təmin edilməsi məqsədilə mayın 27-dən tədbirlər tam başa çatanadək Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində, eləcə də tədbirlərin keçiriləcəyi ərazilər üzrə küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamət dəyişdiriləcək.

Paytaxtda yerləşən bəzi mehmanxanalar, həmçinin forumla bağlı mədəni tədbirlərin keçiriləcəyi digər məkanlar ətrafında ictimai asayişin və yüksək səviyyəli qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin edilməsi, onların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, yük avtomobillərinin paytaxt ərazisində hərəkətinə tədbirlər tam başa çatanadək məhdudiyyət qoyulur.

Bu ərəfədə şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməsi tövsiyə olunur. Həmçinin Qobustan, Qala qəsəbələri, eləcə də Heydər Əliyev Mərkəzi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park və digər ərazilərdə tədbirlərin keçirilməsi nəzərdə tutulduğundan bu istiqamətlər boyu tıxacların yaranmaması və yol-nəqliyyat hadisələrinin baş verməməsi, eləcə də avtomobillərin parklanmasının mümkünsüzlüyünü nəzərə alaraq əhalidən, sürücülərdən və avtomobil sahiblərindən ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.