Bakıda Novruz festivalı başlayır

Bakıda Novruz festivalı başlayır
Oxunma sayı: 1157

Bakıda Novruz bayramı münasibətilə böyük festival keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğatı Bürosu tərəfindən təşkil ediləcək. Builki festival ötənilkindən daha təmtəraqlı və daha geniş məkanda olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, ötənilki Novruz Festivalı uğurlu alındığından bu il ona daha çox diqqət ayrılacaq:

"Ötən il Milli Turizm Təbliğatı Bürosu olaraq Azərbaycanda ilk dəfə uzun müddətli və genişmiqyaslı Novruz Festivalı təşkil etdik. Həmin festival çox uğurlu alındı və ziyarətçi göstəriciləri çox qənaətbəxş oldu. Sabir bağında keçirilən festivalı 400 mindən çox tamaşaçı izlədi. Onların da təxminən yarısı xarici ölkə vətəndaşları, turistlər idi.

Bu il bu rəqəm daha böyük olacaq. Çünki Novruz bayramı günlərində İrandan ölkəmizə daha çox turistin gələcəyi gözlənilir. Təsadüfi deyil ki, ötən il iranlı turistlərin sayı Türkiyədən gələnlərin sayını da ötüb və siyahıda ilk üçlüyə daxil olub".

K.Quluzadə qeyd edib ki, bu dəfə tədbirin keçiriləcəyi məkan fərqli olacaq: "Amma bu yer çox da uzaqda olmayacaq. Yəni bu il festivalı "Sabir bağı"nda yox, şəhərin mərkəzindəki daha geniş ərazidə, Fəvvarələr meydanında (keçmiş "Tarqovaya" küçəsi) keçirəcəyik. Festival martın 20-də başlayacaq və martın 25-də bitəcək. Festival 6 gün ərzində hər gün saat 11:00-dan başlayacaq və axşam saat təqribən 20:00-dək davam edəcək".

Festival cərçivəsində Azərbaycanın tanınmış sənətçiləri, o cümlədən, müxtəlif bölgələrindən folklor kollektivləri konsert proqramı ilə çıxış edəcəklər. Həmçinin, pəhləvanlar, akrobatlar, sehrbazlar, aktyorlar müxtəlif nömrələrlə tamaşaçıları əyləndirəcəklər. Bundan əlavə, festival çərçivəsində sənətkarların əl işlərinin sərgisi və satışı təşkil olunacaq, eləcə də milli mətbəxin nümunələri nümayiş etdiriləcək, həmin təamları dadmaq imkanı yaradılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi