Artur Rəsizadə Kəmaləddin Heydərovun təklifini nəzərə almadı

artur-resizade-kemaleddin-heyderovun-teklifini-nezere-almadi
Oxunma sayı: 811

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, haqqında danışılan 231 s saylı sərəncam bir neçə ay öncə- cari ilin avqustun 08- də imzalanıb və daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlıdır. “Kür” Qərargahının bununla bağlı yaydığı açıqlamada daşqınların nəticələrinin hələ tam aradan qaldırılmadığı, evi qəzalı vəziyyətdə olan yüzlərlə insanın dövlətdən dəstək, ev, kompensasiya gözlədiyi bir vaxtda sərəncamın ictimaiyyətdən gizlin imzalanması təəssüf doğurmaqla yanaşı həm də müəyyən şübhələrə yol açırdı. Sərəncamın Nazirlər Kabinetinin rəsmi internet saytında yerləşdirilməməsi və KİV- də dərc olunmamasından narahatlığını ifadə edən, məsələ ilə əlaqədar müvafiq qurumlardan bilgi almaq istəyən Qərargah özü də araşdırmalara başlamışdı.

Məlumatda bildirilir ki, araşdırmalar qısa zamanda bəhrəsini verib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Nazirlər Kabineti tərəfindən 08 avqust 2011- ci il tarixdə imzalanmış 231 s saylı məxfi sərəncamın mətnini əldə edib. Sərəncamda Nazirlər Kabineti tərəfindən 09 iyul 2010- cu ildə imzalanmış 197 s saylı sərəncama dəyişiklik edilib. Konkret bir problemin həlli üçün qəbul olunan qərarın icrası istiqamətində ayrılmış maliyyə vəsaitinin xərclənməsi ilə bağlı həmin qərardan bir il keçdikdən sonra yeni qərarın qəbul olunması və ya ona dəyişiklik edilməsinin nə dərəcədə düzgün olması hüquqi olduğu qədər də həm də praktiki anlaşılmazlıq yaradır. Çünki qanunun geriyə icrası mümkün olmadığı kimi Nazirlər Kabinetinin 197 s saylı sərəncamında nəzərdə tutulan bəzi maddələrin 1 il sonra dəyişdirilməsi də absurd görünür. Belə ki, əslində nəzərdə tutulurdu ki, 2010- cu ildə imzalanmış sözü gedən sərəncamla daşqınların nəticələrinin aradan qaldırılması üçün müəyyən tədbirlər görülsün və bu tədbirlər bir il ərzində həyata keçirilsin. 231 s saylı sərəncamın imzalanması həm də onu göstərir ki, deməli ötən 18 ayda daşqının nəticələri aradan qaldırılmayıb ki, sonradan ilkin sərəncama dəyişiklik edilir. Digər tərəfdən daşqınlarla bağlı ayrılan vəsaitlərin böyük hissəsi xərcləndiyi bildirildiyi halda son dəyişikliklər hansı vəsaitlər hesabına və necə həyata keçiriləcək? Və yaxud daşqınlarla bağlı ayrılan vəsaitlər niyə indiyə qədər xərclənib qurtarmayıb və ya nəzərdə tutulan işlər niyə tam həyata keçirilməyib? Halbuki, Nazirlər Kabinetinin 197 s saylı sərəncamında bu işlərin xeyli hissəsinin 3 ay ərzində yerinə yetirilməsi qərara alınmışdı. Artıq daşqınlardan 19 ay ötüb. Görəsən yeni sərəncam hansı zərurətdən doğub? Təəssüf ki, sərəncamda bu istiqamətdə hər hansı bilgi və cavablar yoxdur.

Nazirlər Kabinetinin 08 avqust 2010- cu il tarixli 231 s saylı sərəncamında diqqəti cəlb edən əsas məqamlar ondan ibarətdir ki, Nazirlər Kabinetinin bir il öncə imzalanmış 197 s saylı sərəncamının 6- cı bəndində əgər 3205 evin digər infrastrukturla birlikdə tikilməsi üçün 202,3 milyon manat vəsait nəzərdə tutulurdusa bu rəqəm 189, 3 milyon manata endirilib. Bu “endirim”- in əvəzinə Sarısı gölü ətrafında bəndlərin möhkəmləndirilməsi üçün 17,7 milyon manat vəsait 20,7 milyon manata qaldırılıb. Səbəb göstərilmir.

Əgər 197 s saylı sərəncamda Kür daşqınlarının təsirinə məruz qalmış 3222 evin təmir olunması üçün 2,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulurdusa 231 s saylı sərəncamda təmirə ehtiyacı olan evlərin sayı 4525 qeyd olunur və bunun üçün 4,88 milyon manat vəsait ayrılıb.

Digər tərəfdən 197 s saylı sərəncamda bərpa gücləndirməyə ehtiyacı olan evlərin sayı 700 göstərilirdisə, yeni sərəncamda bu rəqəm heç bir səbəb olmadan 201- ə endirilib. Bu məqsədlə və eyni zamanda 1553 fərdi yaşayış evinin sakinlərinə kompensasiyaların ödənilməsi üçün 9, 87 milyon manat vəsait ayrılıb. Burda ziddiyyətli bir məqam ortaya çıxır. Belə ki, daşqın bölgəsində evlərin böyük əksəriyyəti çiy kərpicdən və doldurmadan olduğu üçün zaman keçdikcə həmin evlərin ovulması, dağılması prosesi gedir. Və uzun müddət sel suları altında qalmış belə evlərin sayı fəlakətin baş verdiyi ilk günlərlə müqayisədə xeyli artıb. Digər tərəfdən Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində 20 aprel 2011- ci ildə yerləşdirilmiş məlumatda deyilir ki, mütəxəssislərin rəyi əsasında komissiyalar tərəfindən 2870 fərdi yaşayış evinin qəzalı olduğu üçün yeni evlərlə əvəz edilməsi, 4525 fərdi yaşayış evində təmir işlərinin və 1755 fərdi yaşayış evində bərpa-gücləndirmə işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir.” Göründüyü kimi bu işə bir başa məsul olan və problemi kifayət qədər yaxından bilən FHN- nin rəsmi məlumatı da Nazirlər Kabinetinin sözü gedən sərəncamında nəzərə alınmayıb.

Sərəncamın digər bəndində respublika ərazisində baş verə biləcək sel və daşqınların gələcəkdə qarşısının alınması məqsədi ilə Niderland Krallığının şirkəti ilə birlikdə müvafiq konsepsiyanın hazırlanması üçün öncəki sərəncamda həmin şirkəti üçün (şirkətin adı çəkilmir) 2 milyon manat vəsait ayrılırdısa, hazırkı sərəncamla bu məbləğ 4.5 milyon manata qaldırılıb. Səbəb göstərilmir və izah olunmur.

Xatırladaq ki, sözü gedən sərəncam Nazirlər Kabineti tərəfindən ictimaiyyətdən gizlədilən, aidiyyatı əhali qruplarına və vətəndaş cəmiyyəti institutlarına bu barədə məlumat verilməyən ilk sərəncam deyil. Belə ki, Nazirlər Kabinetinin 2010- cu ilin 09 iyul 197 s saylı sərəncamı da ictimaiyyətdən gizlin imzalanmışdı və o zaman nə rəsmi dövlət qurumlarının saytlarında və dövlət qəzetlərində bu barədə məlumat dərc olunub, nə də ictimaiyyətə bu barədə bilgi verilməmişdi. Yalnız “Kür” Qərargahının davamlı sorğuları və cəhdlərindən sonra sözü gedən sərəncamı əldə etmək mümkün olmuşdu və vətəndaş cəmiyyəti qurumları həmin sərəncamı daşqın problemlərinin aradan qaldırılması üçün adekvat, real sənəd hesab etməmişdilər. Görünür hökümət hətta vətəndaşlara yardım və kompensasiyaların ayrılmasını özündə əks etdirən sərəncamları belə həmin əhali qrupuna çatdırılmasına, onların bu istiqamətdə məlumatlandırılmasını və maarifləndirilməsini istəmir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Nazirlər Kabineti tərəfindən 08 avqust 2011- ci il tarixdə imzalanmış 231 s saylı sərəncamın ictimai müzakirəsini keçirməyi planlaşdırır.