Başqasının sümüyün əlindən almaq ayıbdır

Başqasının sümüyün əlindən almaq ayıbdır
Oxunma sayı: 1540

Seymur Baycan

İki gün əvvəl mütəmadi baş çəkdiyim bukinistdə Çexovun hekayələr kitabını gördüm. Mündəricata baxdım. Kitabdakı hekayələrin hamısını müxtəlif zamanlarda dəfələrlə oxusam da, bu hekayələri bir daha oxumaq ürəyimdən keçdi. Ovqatım bunu tələb edirdi. Çexovla dərdləşməyə ehtiyacım vardı. Kitabın qiymətini soruşdum. Bir lari. Tərəddüdsüz aldım. Kitab əlimdə şəhərdə xeyli piyada gəzdim. Acdığımı hiss etdikdə evə gəldim. Balıq qızartması yedim. Bir stəkan ağ çaxır içdim. Divana uzandım və hekayələri oxumağa başladım.
 
Hekayələri oxuduqca düşünürdüm: Görəsən Çexovun hansı arzuları ürəyində qalıb? Həyatdan nə istəyirmiş? Bəs qısa bir ömürdə insanları, həyatı necə belə dərindən, incəliyinə qədər öyrənə bilib? Bəlkə xəstəliyi, daima ölüm haqqında düşünməyi Çexovu belə müdrikləşdirib? Əlbəttə, yazıçının sırf bioqrafiyasına istinad edərək bu suallara aşağı-yuxarı cavablar vermək olar, lakin xoşbəxtlikdən, ya da bədbəxtlikdən hər şey bu qədər sadə deyil. Bəli, bir daha təkrar edək; hər şey belə sadə deyil. Kitabda hansı hekayəni oxuyurdumsa, dərin və olduqca incə bir kədər hiss edirdim. Başa düşürdüm ki, artıq müdrik Çexov üçün bütün həyat hadisələri öz əhəmiyyətini itirib, hər şey ötüb keçib, hər şey geridə qalıb, artıq hər şey onun üçün mənasızlaşıb və  o gözlə görünənlərin, əllə tutulanların gəldi gedər, fani olduğunu dərk edib və yalnız mükəmməl, gözəl mətnlər yaratmaq barədə düşünür. Peşəkarlıq, mütaliə, istedad, zəhmət öz yerində, həqiqi sənət əsəri yaratmaq üçün təmiz, saf enerji lazımdır. Bu enerjini Çexov hardan alırmış?
Bəlkə nə vaxtsa yaşadığı və qiymətini bilmədiyi, milyonda bir insana qismət olan həqiqi, səmavi sevgi, yaxud da sevgisizlik ona bu enerjini verirmiş. Burda zorən lap kiçik bir haşiyəyə çıxmalıyam. Həqiqi, səmavi sevgi milyonda bir insana qismət olur . Yüz minlərlə insan sevdiyini, sevildiyini guman edərək, əslində isə sevginin nə olduğunu bilməyərək, sevgi haqqında çərənləyərək, boşboğazlıq edərək, hətta sevgi mövzusunda poemalar, romanlar  yazaraq bu dünyadan koçüb gedirlər. Həqiqi sevgi xəstəlikdi, pisixi pozuntudu nədir bilmirəm, bu prosesin tibbi və elmi tərəfləri mənə maraqlı deyil, bircə onu bilirəm ki, olduqca nadir bir şeydir.  Bir daha deyirəm milyonda bir insana qismət olur. Məsələn, indi Azərbaycanda doqquz milyon adam yaşayırsa bu doqquz milyon adamdan cəmisi doqquz adamın qarşısına həqiqi sevgi çıxıb və yaxud çıxacaq. Yerdə qalanları birmənalı olaraq sevdiyini və sevildiyini güman edənlərdi. Sevmişəm, sevilmişəm deyib boş yerə özünüzü aldatmayın! 
 
İndi isə yazımıza davam edək. Bütün təsirli əsərlər böyük sevgidən və ya sevgisizlikdən, sarsıntılardan yaranır. Sadəcə yaradıcılıq laboratoriyası çox müxtəlifdir. Yaşanmış hisslər müəllifin bütün hüceyrələrindən keçərək, formasını dəyişərək, tamam başqa cür, tanınmaz halda təzahür edir. Məsələni konkretləşdirmək, vəziyyətə nisbətən aydınlıq gətirmək üçün bir əhvalat yazmaq məcburiyyətindəyəm. Bu əhvalatı bəndənizə rus millətindən bir tanış qız danışıb. Yay fəsli idi. Açıq kafedə oturmuşduq. Özümüz də möhkəm içmişdik. Ürəyimiz açılmışdı. Həyatda baş verən hadisələrin yaradıcılığa təsiri haqqında söhbətlər edirdik. Xülaseyi-kəlam, bu qızla bir teatr rejissoru bir-birini sevirmişlər. Söhbətdən belə başa düşdüm ki, qarşı tərəf, yəni teatr rejissoru bu münasibətdə daha səmimi və ciddi imiş. Bir gün qız gedir səfərə. Orda bir əyləncəli tədbirdə iştirak edir. Möhkəm içir və necə olursa, nə olursa, ilk dəfə rastlaşdığı adamla bir yastığa baş qoyur. Geri qayıdanda hər şeyi olduğu kimi tərəf müqabilinə nəql edir. Teatr rejissoru baş vermiş hadisəyə görə çox pis olur. Davasız-şavasız ayrılırlar. Düz dörd il görüşmürlər. Dörd ildən sonra qız eşidir ki, keçmiş tərəf müqabili təzə tamaşa hazırlayıb. Yaddaşım məni aldatmırsa “Karamazov qardaşları”nı. Qız bilet alıb gedir tamaşaya. Deyir, tamaşa möhtəşəm alınmışdı. Hamı heyran qalmışdı. Səhnədə emosiyalar fontan vururdu. Deyir, tamaşa qurtaranda başa düşdüm ki, dörd il əvvəl baş vermiş hadisə, mənim xəyanətim, ayrılmağımız ona necə ağır təsir edib. Əlbəttə çox qısa, təfərrüatlara girmədən yazdığım bu əhvalatda böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər...
 
…Təxminən gecə saat ikiyə qədər Çexovun hekayələrin oxudum. Gülürdüm, kədərlənirdim, sevinirdim, obrazların təsvirindən, dialoqların təbiliyindən həzz alırdım, bəzən isə barmağımı kitabın arasına qoyub öz-özümə danışırdım. Ağır, təsirli səhnələrə, cümlələrə rast gəldikdə balkona çıxıb siqaret çəkirdim. Gecəni çox pis yatdım. Yatdım deyəndə Allah kəssin elə yatmağı, sağa-sola çevrilməkdən əldən düşdüm. Bayırda bərk külək əsirdi. Balkonda balaca dəmir vedrə diyirlənib qəribə səslər çıxarırdı. Dəmir vedrənin çıxardığı səslər mənə beş il kirayədə yaşadığlm evi xatırladırdı. Ev Qara Qarayev metrostansiyasının yaxınlığında, doqquz mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşirdi. Bərk külək əsəndə pəncərə şüşələri titrəyir, evin balkonundakı nazik dəmir parçası divara çırpılır və səslər çıxarırdı. Bu səslər bir qram da məni narahat etmirdi. Əksinə belə  küləkli havada başımın üstündə dam, yatmağa yerim olduğuna görə Tanrıya sonsuz minnətdarlığımı bildirirdim. Bəzən isə balkona çıxır, özümü üşüdür, qaçıb yerimə girirdim.
 
...Səhər tezdən qalxdım. Yuyunub, geyinib küçəyə çıxdım. Külək yatmışdı. Hava çox soyuq idi. Bir həftə əvvəl “ikinci əl” geyim mağazasından yetmiş lariyə aldığım gödəkcə bədənimi yaxşı qızdırırdı. Soyuqdan qorxmurdum. Təxminən bir saat piyada gəzdim. İyirmi dörd saat işləyən restorana girdim. Kofe, xarço, çörək sifariş verdim. Pəncərəyə yaxın masada əyləşdim ki, küçədən gəlib gedənləri müşahidə edə bilim. Kofeni içdim. Dünən gecə oxuduğum hekayələrin təsiri ilə ölüm, həyat, əbədiyyat, ədəbiyyat haqqında düşünə-düşünə, müxtəlif illərdə baş verən hadisələri xatırlaya-xatırlaya kasadakı qaynar, bolluca istiotlu xarçodan beş-altı qaşıq udmuşdum ki, bir də gördüm, avtobus dayanacağında dayanan adamlar pərən-pərən düşdülər. Hər şey çox sürətlə baş verdi. Qırmızı rəngli bir minik maşını yolun kənarında dayanmış bir qadını vurub səkinin ortasına atdı. Davamına baxa bilmədim, tez üzümü çevirdim. Baxsaydım, özümü pis hiss edəcəkdim. Restoranın müştəriləri, ofisiantlar, xadimələr və aşpazlar küçəyə qaçdılar. Zalda təkcə mən qaldım. Qışqıran kim, ağlayan kim, əlini dizinə çırpan kim, ürəyi gedən kim... Bir anda hadisə yerinə çoxlu insan yığışdı. Səs-küy aləmi bürüdü. Təcili yardım maşını gəldi. Vurulan adamı təcili yardım maşınına qoyub apardılar. Xarçonu axıra qədər yedim. Siqaret çəkdim. Hesabı ödəyib restoranı tərk etdim.
 
Birbaşa bazara getdim. Qəssabdan üç kilo sümük aldım. Bir dəstə küçə iti ilə dostlaşmışam. Hər gün olmasa da, iki-üç gündən bir bazara gedib onlara sümük alıram. Küçədə məni görəndə üstümə qaçırlar. Sağıma-soluma keçirlər. Günü-gündən də sayları artır. Sayları bu templə artsa, heç bilmirəm onlara necə sümük çatdıracam. Özümün də maddi vəziyyətim günü-gündən ağırlaşır...
 
Heyvanlarla dostluq etmək olduqca xoş bir hissdir. Ancaq arada səndən asılı olmadan kiçik problemlər də yaranır. O gün itlərdən biri dəstədən aralanıb düz metronun girişinə qədər mənlə bərabər addımladı. Mənlə bərabər addımlamaq deyəsən onun xoşuna gəlir. Ola bilsin, sahibiylə gəzən ev itlərinə baxır, başın başlara qoşmaq istəyir. İstəyir, bu da onlar kimi adamla gəzsin. Həmin it çox qəşəng, təmiz itdir. Heç küçə itinə oxşamır. Mənlə bərabər addımlayarkən ərzaq mağazasının qarşısında üzündən həyasızlıq, ləçərlik, şər-şəbədə və bu kimi digər şeylər yağan, dodağı silikonlu, üzü botokslu, qaşları tatuajlı bir arvadın üstünə bərk hürdü. Arvad ağzına gələni dedi mənə. İndi bu arvada başa sala bilmirəm ki, bu it mənim deyil, küçə itidir, mənim bu itə dəxlim yoxdur. Eşitmək belə istəmir, elə hey deyir ki, iti niyə buruntaqsız çıxartmısan küçəyə. Deyirəm, xanım, Allah haqqı bu mənim itim deyil, küçə itidir, bax qulağında birka var. İt də hürməyindən qalmır. Bir az qıraqda dayanıb hürür.  Arvadı daha da qəzəbləndirir. Rəsmən durduğum yerdə işə düşdüm. Nə yaxşı bir Allah bəndəsi mənə tərəfdar çıxdı. Ziyalıya oxşayan, yaşlı bir kişi idi. O da itin qulağındakı birkanı göstərib arvada dedi ki, bu onun iti deyil, küçə itidir. Canımı o həyasız arvadın əlindən güclə qurtardım. 
 
Bazardan aldığım sümükləri atıram itlərə. Çalışıram ki, hamısına çatsın. Heç bir it sümüksüz qalmasın. Hansısa bir it gücündən, əzələsindən istifadə edib özündən zəifin sümüyün əlindən almaq, daha çox yemək istəyəndə üstünə qışqırıram. Danlayıram. Başa salıram ki, sülh və əmin-amanlıq şəraitində yaşamaq lazımdır. Gücdən istifadə edib başqasının sümüyün əlindən almaq ayıbdır. Dalaşsanız, əsəbləşəcəm, acığa sizə, ümumiyyətlə, sümük almayacam. Sümükləri itlər arasında ədalətlə paylayandan sonra dayanıb onların sümükləri gəmirməsinə baxıram. Bilmirəm, nədənsə həmişə bu anlarda bir tanışımı xatırlayıram. Tanışım geyim-keçim alveri ilə məşğul idi. Aləmi bəzəsə də, əyni-başı o qədər də qaydasında olmazdı. Necə gəldi, nə gəldi geyinərdi. Özü də bundan gileylənərdi. Gileylənib-gileylənib axırda da bu el məsəlini işlədərdi: “İtdən çox çarıq oğurlayan yoxdu, ayağı həmişə yalındır”. Nə gizlədim, bu məsəli çox sevirəm. Çox pozitiv, koloritli məsəldir.

Kultura.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi