Atəşkəs müharibəsinin sirləri – Araşdırma

ateskes-muharibesinin-sirleri-arasdirma-
Oxunma sayı: 878




Bir neçə il əvvəl ön xətdə çəkiliş zamanı maraqlı bir hadisə ilə rastlaşdım. Baş verənlər məni həm təəccübləndirdi, həm də məyus etdi. Yenicə bölük komandiri təyin olunmuş gənc leytenantı Müdafiə Nazirliyindən iki polkovnik-leytenant yoxlamağa gəlmişdi. Leytenanta tutduqları irad vəziyyəti gərginləşdirmişdi. Leytenantın əsəbləri gərilmişdi. Bizi, yəni dövlət televiziyasının çəkiliş qrupunu görəndə ona sakit olmağı məsləhət gördülər. Biz hər şeyin yaxşı olduğunu görməliydik. Amma leytenant əsəblərini cilovlaya bilmədi. Ona tutulan irad bölüyün yataqxanasının dam örtüyündəki şiferin çat olması idi. Sonda leytenant dözə bilməyib dilləndi: “Axı mənə kim şifer verdi ki, mən damı təmir eləmədim? Mən haradan almalıyam şiferi?” Bu hadisədən sonra ön xəttə əsgər və zabitlərin gündəlik həyatını araşdırmaq qərarına gəldim. Kimin üçünsə qəribə görünə bilər. Amma əsl reallığı araşdırmaq üçün uzun müddət lazım gəldi.

Əlbəttə kimin üçün isə leytenantın “mən şiferi haradan alım” sualı qəribə görünə bilər. Amma bu ordumuzun reallığıdır. Təbii ki, mən məlum səbəblərdən mövcud qaranlıq reallıqların hamısını sadalaya bilməyəcəm.

Nə hərb, nə sülh

18 ildir ki, Ermənistan və Azərbaycan arasında imzalanmış Bişkek protokoluna görə, atəşkəs rejimi mövcuddur. Doğrudur, atəşkəs rejimi Azərbaycan vətəndaşlarının müəyyən bir zümrəsi üçün müharibənin bitməsi ilə eyni mahiyyət daşıyır. Amma müharibə bitməyib. Hamı üçün olmasa da, müharibə davam edir. Davam edən “atəşkəs müharibəsi”nin kifayət qədər qaranlıq məqamları var. Həmin qaranlıq məqamlardan bir yuxarıdakı faktdır.

Başqa bir qaranlıq məqam cəbhə xəttində atəşkəsin pozulması ilə bağlıdır.
İyun ayı cəbhə xəttində atəşkəsin pozulması intensivləşdi. Rəsmi və qeyri-rəsmi vasitələrlə cəmiyyətə bu barədə müxtəlif informasiyalar ötürüldü. Bu informasiyalar məqsədli təbliğat elementləri ilə yükləndi. Müəyyən zaman kəsiyində cəmiyyət bu yükü həzm də etdi. Bu hadisələr zamanı Ağdamın Çıraqlı kəndinin ermənilərdən azad olunması barədə xəbər isə deyilənlərin doğurdan da təbliğat oyunu olduğunu açıqca göstərirdi. Axı Ağdamın Çıraqlı kəndi ermənilərin nəzarətində olmayıb ki, azad da edilsin.

Erməni təbliğatı və real statistika

Atəşkəsin pozulmasında müşahidə olunan intensivlikdən sonra Azərbaycan tərəfinin elan olunandan daha çox itki verdiyi barədə məlumatlar cəmiyyətə ötürüldü. Silahlı Qüvvələrimizin əsgərindən tutmuş yüksək rütbəli komandir heyətinə qədər müxtəlif ranqlı hərbiçilərimizlə apardığım söhbətlərdən sonra birmənalı deyə bilərəm ki, əsgər ölümünü gizlətmək mümkün deyil. Və itkilərimizin sayının elan olunandan daha çox olması barədə deyilənlər ancaq Ermənistan kəşfiyyat strukturlarının təbliğat maşınından çıxır. Amma təəssüf ki, bəzi hallarda düşünülmədən bu təbliğata aldanma halları müşahidə olunur.
İndi isə atəşkəs müharibəsinin əlimdə olan acı statistikasını nəzərinizə çatdırım.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin KİV-lərdə apardığı monitorinqin nəticələrinə görə, 2003-2011-ci illərdə Azərbaycan “atəşkəs müharibəsi”ndə 162 nəfər itirib.

Bu ilin əvvəlindən kütləvi informasiya vasitələrində apardığım monitorinqin nəticələrinə görə, döyüş itkilərimizin sayı 12 nəfərə, yaralananların sayı isə 10-a çatıb. Atəşkəsin pozulması nəticəsində mülki şəxslər arasında da zərərçəkən var. Bir nəfər Qazax istiqamətində güllə yarası alıb.

Axı niyə?

Sözsüz ki, atəşkəs pozuntuları və bununla bağlı informasiyalar cəmiyyətdə birmənalı qarşılanmır, müxtəlif şayiələr və kifayət qədər ciddi ittihamlar ortaya qoyulur.
Birincisi - atəşkəs çağırış ərəfəsində daha çox pozulur ki, valideynlər hərbi komissarlıqlarda övladlarının daha təhlükəsiz yerdə xidmət etməsini təmin etmək üçün vasitələr axtarsın.
İkincisi - atəşkəs pozuntusu vaxtı sərf olunan sursatı şişirtməklə müəyyən maliyyə vəsaiti mənimsənilir.
Üçüncüsü - diplomatik cəhdləri zərbə altında qoymaq üçün atəşkəsin pozulması ilə vəziyyət gərginləşdirilir.
Dördüncüsü - atəşkəsin pozulması ilə bağlı informasiyalar cəmiyyətdə olan narazılıqlardan diqqətin yayındırılmasına xidmət edir.
İlk baxışda bu sadalananların hər birinin məntiqi əsası ola bilər. “Amma hansında həqiqət payı nə qədərdir” sualına birmənalı cavab vermək çox çətindir.

Valideynlər üçün test

Ötən ilin sentyabr ayında, hərbi xidmətə çağırış ərəfəsi atəşkəsin pozuntusunda intensivliyin artması (119 fskt) diqqəti cəlb edir. Amma buna birmənalı qiymət vermək olmaz. Ordudakı və komissarlıqdakı mənbələr bu ehtimalı təsdiq etmir. Faktlara nəzər salaq. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, 2011-ci ildə atəşkəsin pozulması aylar üzrə aşağıdakı kimi olub:

Yanvarda 24, fevralda 56, martda 80, apreldə 36, mayda 80, iyunda 69, iyulda 68, avqustda 69, sentyabrda 119, oktyabrda 64, noyabrda 49, dekabrda 61 dəfə. Yada salaq ki, çağırış yanvar, aprel, iyul, oktyabr aylarında həyata keçirilir.

Rəsmi məlumatlara görə, cari 2012-ci ilin mart ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 124 dəfə pozulub. Ötən ilki statistika ilə müqayisədə intensivliyin artdığı aydın görünür. Amma bunu çağırışqabağı süni həyəcan kimi qiymətləndirmək olmaz. Çünki sonrakı ay, yəni apreldə atəşkəsin 147 dəfə pozulması qeydə alınıb. Deməli, məsələ tək çağırış ərəfəsində yaradılan ajiotajdan getmir. Nəzərə alsaq ki, may ayında Azərbaycan Avropanın mahnı bayramına ev sahibliyi etməli idi, süni gərginlik yaradılması əlbəttə ki, məqsədəuyğun hesab edilə bilməzdi. Lakin Ermənistan tərəfinin bu ərəfədə Azərbaycanda vəziyyəti gərginləşdirməkdə maraqlı olması daha məntiqidir. Ön xətdəki hərbi hissələrdə orta zabit heyəti də “Eurovision” ərəfəsində erməni tərəfinin atəşkəsin pozulmasına hesablanan provokasiyasının tez-tez olduğunu söyləyir.

Atəşkəs pozuntusunda dəyən ziyan

Atəşkəs pozuntusu hallarının kökündə maliyyə yeyintisinin dayanması ilə bağlı deyilənlər, heç bir mənbədə təsdiqini tapmır. Ön xətdə qulluq edən orta komandir heyətindən olan həmsöhbətimizin sözlərinə görə, atəşkəsin pozulması ilə bağlı ön xətdən səhv məlumat verilmir: “Verilən məlumatların dürüst olması ön xətdə xidmət edən komandirlərin marağındadır. Çünki səhv məlumat hərbi hissədə artıq və ya əskik patron deməkdir. Hərbi hissədə sənədlərdəkindən artıq və əksik patronun olması isə birbaşa cinayət məsuliyyəti yaradır. Buna görə də heç bir komandir yalan məlumat verməkdə maraqlı ola bilməz”.

Mənbə bildirir ki, aşağı komandir heyətinin belə bir saxtakarlığa risk etməsi ağlabatan deyil. Yuxarı eşelondan belə bir saxtakarlığa cəhd edilməsi isə real deyil. Çünki, bütün hallarda sursatın silinməsi aşağılarda olmalıdır. Mənbə birmənalı olaraq belə bir faktın olmadığını bildirir.

Lakin qeyd edək ki, bununla bağlı Müdafiə Nazirliyinə göndərdiyimiz rəsmi sorğuya cavab verilməyib. Sorğuda atəşkəs pozuntularından dövlətə nə qədər ziyan dəyməsini öyrənmək istəmişdik. Ordu ilə bağlı heç bir sorğuya cavab verməyən nazirlik bu məsələdə də “İnformasiya əldə etmək haqqında” qanuna sayğısızlıq nümayiş etdirir.

Diplomatik savaşın təmas xəttində əks-sədası

18 il müddətində ən iri miqyaslı atəşkəs pozuntusu 2008-ci il martın 3-dən 4-nə keçən gecədən başlayıb. Bir sutkaya yaxın davam edən bu insident Tərtərin Həsənqaya kəndi istiqamətində qeydə alınıb. Bu atəşkəs pozuntusu zamanı minaatanlardan da istifadə olunması “Bişkek protokolu” imzalanandan sonra yeganə faktdır. İki gün sonra hadisə yerində müsahibə aldığım həm yaxınlıqdakı yaşayış məntəqəsinin sakinləri, həm də hərbçilər bir fikri söyləyirdi: “Elə bildik ki, müharibə başladı”. Bu hadisə iki ölkə prezidentinin Davos görüşü ərəfəsinə təsadüf edirdi.

Atəşkəsin pozulması ilə bağlı ikinci ciddi rezonans doğuran hadisə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəbhə xəttini keçməsi ilə bağlı oldu. Bu hadisədə də tərəflər öz maraqları çərçivəsində bir-birini ittiham etdi. Hadisənin ən yadda qalan məqamı isə Mübariz İbrahimovun meyitinin məhz bir neçə aydan sonra geri qaytarılması oldu. Xatırladım ki, bu hadisə prezidentlərin San-Peterburq görüşündən bir gün sonra baş vermişdi.
Və nəhayət, ABŞ dövlət katibinin son səfəri və cəbhə xəttində baş verənlər.

Yuxarıda sadalanan və buna bənzər faktlar atəşkəs pozuntusunun diplomatik cəhdlərə əngəl olmaq üçün törədildiyini deyənlərin əsas arqumentidir. Amma atəşkəs pozuntularının əsl səbəblərini sona qədər araşdırmaq, yəni belə mühüm görüşlər ərəfəsində vəziyyətin məhz kimin tərəfindən gərginləşdirilməsini aydınlaşdırmaq çox çətindir. Çünki tərəflər bir-birini ittiham edir, həqiqi informasiyalara çıxış imkanları isə məhduddur.

Cəmiyyətin müharibə qorxusu

Və nəhayət, ölkə ictimaiyyətinin diqqətinin mövcud sosial narazılıqlardan yayındırılması üçün atəşkəsin pozulması və yaxud da bu barədə məlumatların yayılması ilə bağlı birmənalı mülahizə yürütmək mümkün deyil. Çünki tərəflər bu məsələdə də bir-birlərini ittiham edir. Dəqiq informasiyalar isə yox dərəcəsindədir.

Ötən ilin statistikasına nəzər salaq. Ərəb baharından ruhlanan Azərbaycan müxalifətinin ən ciddi aksiyaları və cəmiyyətdə etiraz əhval-ruhiyyəsi məhz aprel ayına təsadüf etdi. Amma statistika göstərir ki, atəşkəs həmin ayda 36 dəfə pozulub. Bu isə illik orta statistik göstəricidən də aşağıdır.

Başqa bir müşahidə isə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının pozulması və demokratik təsisatlarla bağlı bəyanatlar verdikdən sonra cəbhə xəttində həyəcanlanma müşahidə olunur. Yenə ötən ilin statistikasına müraciət edək. Müxalifətin aprel çıxışlarından sonra, beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları və demokratik təsisatlarla bağlı bəyanatlar verməyə başladılar. Bu bəyanatlar əsasən may ayına təsadüf etdi. Həmin ay atəşkəsin pozulması ilə bağlı rəsmi məlumatlarda 80 fakt yer aldı.

Müəmmalı informasiyalar

Sözsüz ki, atəşkəslə bağlı informasiyalarda müəmmalar təkcə bunlarla bitmir. İki faktı diqqətinizə çatdırım.

Mart ayının 2-dən 3-nə keçən gecə, cəbhənin Qazax rayonundan keçən hissəsində baş verən atəşkəs pozulması zamanı 2 Azərbaycan əsgəri şəhid olub. Müxtəlif kütləvi informasiya vasitələri yerli strukturlara istinadən (İcra Hakimiyyəti, polis və s.) bu məlumatı yayıb. Hadisədən bir gün sonra Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Teymur Abdullayev APA-ya açıqlamasında bildirib: “Məsələ ilə bağlı onu deyə bilərəm ki, Dibirov Vüqar Bəxtiyar oğlu və Seyidəliyev Seyidəli Şıxislam oğlunun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. Nəticəyə uyğun olaraq məlumat veriləcək”.

Adı çəkilən əsgərlərin ermənilərlə atışmada öldüyü yerli icra strukturları ilə yanaşı, hərbi hissədəki mənbələrimiz tərəfindən də təsdiqləndi.

Ardı var

Asəf Quliyev, xüsusi olaraq “Qafqazinfo” üçün