Avtoşları necə cəzalandıraq?

avtoslari-nece-cezalandiraq
Oxunma sayı: 914

Son vaxtlar KİV-də avtoxuliqanlığa görə cinayət məsuliyyətinin nəzərdə tutulacağına dair məlumatlar dolaşmaqdadır. Hətta bir sıra dövlət rəsmilərinin açıqlamalarından belə məlum olur ki, artıq müvafiq qanun layihəsi hazırdır və ya hazır olmaq üzrədir. Bu əmələ görə cinayət məsuliyyətinin müəyyən edilməsini tamamilə yanlış hesab edərək, həmin təşəbbüsü irəli sürən şəxslərə aşağıdakı müraciəti ünvanlamaq qərarına gəldim.

Avtoxuliqanların ictimai qaydaya laqeydliyi, belə nalayiq hərəkətlərlə yollardakı hərəkət ahəngini pozması, ümumi psixogen atmosfer yaratması bəzilərində onların cinayətkar hesab edilərək cəzalanmalı olduğu düşüncəsini yaradır. Bu, başa düşüləndir. Lakin ...

Əvvəla, xuliqanlıq adlanan bir əməlin ayrıca cinayət kimi qanunda nəzərdə tutulması totalitarizmin qalığıdır. «Xuliqanlıq» termininin XIX əsrdə yaşamış və ictimai asayişi nalayiq şəkildə pozduğuna görə məşhurlaşmış Britaniya təbəəsi Patrik Huligenin adı ilə bağlı olmasına baxmayaraq, keçmiş sosialist dövlətlərini çıxmaqla Qərb ölkələrinə xuliqanlıq adlı cinayət əməli məlum deyil. Bunun da səbəbi çox sadədir: ölkəmizin Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətini təşkil edən əməllərin hər biri (vətəndaşlara zor tətbiq olunması, zor tətbiq etməklə hədələmə, özgənin əmlakını məhv etmə, yaxud zədələmə və s.) ayrıca ictimai təhlükəli əməllərdir. Həmin əməllər xuliqanlıq adı altında cəmləşdirilərək «məcmu» cinayət yaradılmışdır. Bunu əsas götürən bəzi kriminalist alimlər xuliqanlıq cinayətinin, ümumiyyətlə, Məcəllədən çıxarılmasını, onun məzmununu təşkil edən ayrı-ayrı təhlükəli əməllərə görə məsuliyyət müəyyən edilməsini əsaslandırırlar.

Cinayət məsuliyyəti ayrı-ayrı fərdlərə, bütövlükdə cəmiyyətə və dövlətə mühüm zərər vuran və ya belə zərər vurmaq təhlükəsi yaradan əməllərə görə müəyyən edilir. Özü də hüquqi məsuliyyətin digər növləri yetərli olmadıqda cinayət məsuliyyəti nəzərdə tutulur. Hazırda avtoxuliqanlığa görə inzibati məsuliyyət mövcuddur. Lakin rəsmi statistika bu əməlin qarşısını səmərəli şəkildə almaq üçün inzibati məsuliyyətin yetərsiz olduğunu təsdiqləmir. Çünki: birincisi, ölkə üzrə qeydə alınmış avtoxuliqanlıq əməllərinin sayı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların çox cüzi bir hissəsini (müxtəlif mənbələrin açıqladığı statistik rəqəmlərə əsasən, qayda pozuntularının 0,1%-dən də az hissəsini) təşkil edir; ikincisi, rəsmi statistik məlumatlarda cinayət xarakterli yol-nəqliyyat hadisələrinin səbəbləri sırasında avtoxuliqanlığın adı, demək olar ki, çəkilmir. Deməli, ağır nəticələrə səbəb olmuş avtoxuliqanlıq əməlləri kifayət qədər cüzidir. Belə olan halda «avtoxuliqanlığın qarşısını almaqda inzibati məsuliyyət kəsərsizdir» söyləmək obyektivlikdən uzaqdır.

Digər tərəfdən, hər hansı qayda pozuntusunun təhlükəlilik dərəcəsini və yayılma miqyasını əsas götürməklə məsuliyyət həddini müəyyən etsək, onda gərək sürət həddini aşmaya görə cinayət məsuliyyətini lap çoxdan nəzərdə tutaydıq. Çünki rəsmi statistikada istər inzibati xəta olan, istərsə də cinayət xarakterli qayda pozuntularının, özü də ən ağır nəticələrə səbəb olan qəzaların səbəblərinin az qala yarısını sürət həddini pozma təşkil edir.

Avtoxuliqanlığın qarşısının alınmasına yönələn tədbirlərin arzulanan səmərəni verməməsinin başlıca səbəbi isə çox sadədir: bəzi avtoxuliqanlar öz nüfuzlu himayədarları, bəziləri isə korrupsiyalaşmış məmurlar sayəsində asanlıqla məsuliyyətdən yayınaraq öz «qəhrəmanlıqlarını» davam etdirirlər. Belə məsələlərdə isə hətta bir pis nümunə də buna meyilli gəncləri həvəsləndirir. Qanunun tam gücü ilə məsuliyyətə cəlb olunmuş avtoxuliqanların əksəriyyəti isə bundan nəticə çıxarır.

Avtoxuliqanlığa görə cinayət məsuliyyəti tətbiq etmək istəyənlərin nəzərinə bunun sonrakı hüquqi nəticələrini də xatırlatmaq istərdim. Məlumdur ki, avtoxuliqanların böyük əksəriyyəti gənclərdir. Bu əmələ görə həmin gəncin cinayət məsuliyyətinə cəlb edilməsi isə onun üçün çox ağır nəticələr, bəzən taleyinin sındırılması demək olacaq. Çünki cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunan şəxs avtomatik olaraq işini itirəcək, təhsilini yarımçıq qoyacaq, hərbi xidmətdə olmayanlar isə məhkumluğu ödənilənədək hərbi xidmətə çağırılmayacaqlar və s. Unutmaq olmaz ki, penitensiar sistem nə qədər mükəmməl olsa da, məhkumluq həyatı yaşayan gənclərin bir qismi çox asanlıqla kriminal meyilli şəxsiyyətə çevrilir. Bir sözlə, o qədər də böyük ictimai təhlükə kəsb etməyən və ən başlıcası, qarşısı başqa yollarla da alına bilən əməllərə görə gənclərin məhkuma çevrilməsi yolverilməzdir. Bu əməllərlə mübarizənin fərqli, ictimai baxımdan daha səmərəli və kəsərli üsulları seçilməlidir.

Başqa bir problem cinayət-prosessual xarakterli olacaqdır. Qaydasında tərtib olunmuş bircə protokolun da inzibati məsuliyyət məsələsini həll etmək üçün yetərli olduğu halda cinayət məsuliyyətinə cəlb etmək üçün mükəmməl sübutlar toplusu lazımdır. Avtoxuliqanın əməli barəsində həmin sübutları yığmaq isə bir o qədər də asan olmayacaqdır. Bu isə kifayət qədər əsaslandırılmamış məhkəmə hökmləri, yuxarı instansiya məhkəmələrdə uzun-uzadı çəkişmələr, beynəlxalq məhkəmə təsisatlarında dövlətimizə qarşı yeni məzmunlu iddialar, bir sözlə, ölkəmizin imicini korlaya bilən dumanlı perspektiv vəd edir.

Hesab edirəm ki, avtoxuliqanlığa görə cinayət məsuliyyəti müəyyən etmək əvəzinə aşağıdakı tədbirlərin həyata keçirilməsi yolu ilə bu nalayiq hərəkətin qarşısını almaq olar:

1. Avtoxuliqan kimi inzibati məsuliyyətə cəlb olunan şəxslərə havadarlıq edilməsinin yolverilməz olduğu belə şəxslərin himayədarlarının, xüsusən də dövlət məmurlarının diqqətinə çatdırılsın, hər bir avtoxuliqanlıq faktı üzrə İXM-in 296-1-ci maddəsində nəzərdə tutulan məsuliyyətin, xüsusən sürücülük hüququnu məhdudlaşdırmanın tətbiqinin qaçılmazlığı təmin edilsin.

2. DYP orqanlarında və polisin digər xidmətlərində avtoxuliqanlığa görə məsuliyyətə cəlb edilən şəxslər və onların avtomobilləri xüsusi əməliyyat-profilaktik uçota götürülsün, həmin avtomobillər yollarda göründükdə dərhal kim tərəfindən idarə olunduğu yoxlanılsın, belə şəxslərin sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə etməsi faktları aşkar edildikdə İXM-in 152.3-cü maddəsi üzrə məsuliyyətə cəlb edilmələri təmin edilsin.

3. Avtoxuliqanlığa yol vermiş gənclərin valideynləri ilə, habelə iş və ya təhsil yerində rəhbərliyi ilə söhbətlər edilsin, bu gənclərin öz əməllərindən çəkindirilməsində həmin şəxslərin köməyindən istifadə edilsin və s.

Apardığım müşahidələr göstərir ki, bu əmələ yol verən gənclərin əksəriyyəti ictimai təhlükəsizlik və ictimai qayda haqqında primitiv təsəvvürə malik, əksər hallarda dünyagörüşü və mədəni səviyyəsi aşağı olan, bəzən ailə tərbiyəsində problemlər yaşamış ekstremal davranışa meyilli şəxslərdir. Həmin şəxslərə, bir tərəfdən, belə davranışın kifayət qədər təhlükəli və mənasız olduğunu izah etməklə, digər tərəfdən isə onların ekstremal vəziyyətlər həvəsini daha müvafiq istiqamətə yönəltməklə də avtoxuliqanlığı tam nəzarətdə saxlamaq olar (məsələn, belə gəncləri paraşütçü kurslarına, alpinist qruplarına cəlb etmək olar). Unutmayaq ki, tərbiyəsində və mədəni səviyyəsində problem olan şəxsləri dəmir barmaqliqlar arxasına göndərmək yox, tərbiyə etmək lazımdır.

Bir daha vurğulamaq istəyirəm ki, avtoxuliqanlığa görə cinayət məsuliyyəti müəyyən etmək bu problemin həllini vəd etmir. Əksinə, bu, yeni məzmunlu problemlər doğuracaqdır.

Ərşad Hüseynov
Hüquqşünas